Braziliyalı futbolçu Ronaldinyo Kolumbiyada baş verən təyyarə qəzasında futbolçularını itirən "Şapokeonse" klubunda çıxış edə bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə 36 yaşlı futbolçunun meneceri Roberto Assis açıqlama verib.
O bildirib ki, lazım olacağı təqdirdə Ronaldinyo "Şapokeonse"nin formasını geyinə bilər: "İndi hamımız kədərliyik və çətin anlar yaşayırıq. Bizə qalsa, bir və ya daha artıq oyunda komandaya kömək etməyə hazırıq. Bizimlə bu mövzuda danışmaq istəsələr, hazırıq. Biz də hər kəs kimi hərəkət etməyə hazırıq".
Qeyd edək ki, qəzada təyyarədə olan 81 nəfərdən 76-sı dünyasını dəyişib. Onlardan 22-si "Şapokeonse" klubunun futbolçuları olub.