Azərbaycanın futbol üzrə 2016/17 mövsümündə ikinci het-trik qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə" - "Neftçi" matçında olub.
Qonaqların braziliyalı yarımmüdafiəçisi Jonas Pessalliyə 3 qol vurmaq üçün 19 dəqiqə (44, 58, 63) bəs edib. Düzdür, onu da nəzərə alaq ki, cari mövsümün gedişində "ağ-qaralar"a keçən 26 yaşlı legioner son 2 qolu penaltidən vurub.
Bunadək yeganə het-trik də "Neftçi"nin oyununda reallaşmışdı. Sadəcə, onda bu komandanın özünə 3 qol vurulmuşdu. Bunun müəllifi "Qəbələ"nin fransalı legioneri Baqali Dabo olub. Hücumçu sentyabrın 10-da keçirilən IV turda "Əlincə Arena"da 8:0 hesabı ilə qalib gəldikəri matçda fərqlənib. Onun het-triki daha gec - 53 dəqiqəyə (6, 16, 59) qeydə alınıb. Həmin vaxt Pessalli "Neftçi"yə gəlməmişdi.
"Ağ-qaralar"ın sonuncu het-triki də məhz ölkə kubokuna təsadüf edib. Bu, ötən mövsüm I divizion təmsilçisi "Qaradağ-Lökbatan"a 8:0 hesabı ilə qalib gəldikləri ev oyununa təsadüf edib. Dakabrın 2-də "Bakcell Arena"da keçirilən həmin 1/8 final görüşündə Ruslan Qurbanov 34, 52 və 82-cü dəqiqələrdə qol müəllifi olub. İndi Qurbanov Daboyla "Qəbələ"də komanda yoldaşı, hücumda tərəfdaşdır. Yeri gəlmişkən, Ruslanın hazırkı klubunda debütü məhz "Neftçi"yə qarşı olub və həmin 8:0-da millimizin hücumçusu dubl edib.
Qeyd edək ki, Pessalli Azərbaycan Premyer Liqasında qol hesabını XI turda noyabrın 5-də "İnter"ə evdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda açıb. Onun het-triki "Neftçi"nin "Zirə" üzərində tarixində ilk dəfə qalib gəlməyinə imkan verib.
Mehman SÜLEYMANOV