"Boavişta"nın azərbaycanlı qapıçısı Kamran Ağayevin Portuqaliya çempionatının XVII turunda "Benfika" ilə oyundan sonra dava saldığı rəqib futbolçular məlum olub. Sportnet.az-ın məlumatına görə, milli komandamızın "1 nörmə"sinin Lissabondakı matç bitəndən sonra meydanın mərkəzində iki oyunçu - Luizao və Jardellə "söz atışması" olub.
Bu haqda yazan portuqaliyalı həmkarlarımız insidenti yatırtmaq üçün təkcə "Boavişta"ın yox, baş hakimin də məsələyə qarışmalı olduğunu vurğulayıblar.
Braziliya milli komandasının da şərəfini qorumuş 36 yaşlı Luizao kapitanı olduğu "Benfika"da 14 ildir fasiləsiz çıxış edir. 31 yaşlı Jardel də mərkəzi müdafiəçidir və 6 ildir şərəfini qoruduğu klubda 100-dən çox oyun keçirib. Görünüdüyü kimi, Kamranın rəqibin "ağsaqqallar"ı ilə sözü çəp gəlib.
Xatırladaq ki, "Boavişta" hesabda 3:0 irəlidə oyunda üstünlüyü əldən verərək matçı 3:3 hesablı bərabərliklə başa vurmalı olub.