Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində silsilə yazılarını davam etdirir. İkinci yazı "Millimizdə ilklər: Kim necə fərqlənib? mövzusuna dairdir.
Gürcaanidə başlayan ilklər
Azərbaycan milli komandası ilk oyununu 1992-ci ilin sentyabrın 17-də keçirib. Bu, Gücüstan yığması səfərdə - Gürcaani şəhərində David Kipiani adına stadionunda keçirilən yoldaşlıq görüşüdür. 3000 tamaşıçının izlədiyi matç rəqibin 6:3 hesablı qələbəsi ilə nəticələnib.
Millimizin ilk oyunda heyəti belə olub: Dmitri Kramarenko (Elxan Həsənov, 54), Aydın Ələkbərov (Vüqar İsmayılov, 54/Elman Sultanov, 76), Elşad Əhmədov, Tərlan Əhmədov, Zaur Qarayev, Emin Ağayev, Şahin Diniyev, Mahmud Qurbanov (Qurban Qurbanov, 46), Vidadi Rzayev, Nazim Süleymanov (k), Samir Ələkbərov (Kamil Bayramov, 70).
Göründüyü kimi, millimizin ilk kapitanı Nazim Süleymanov olub. Keçmiş hücumçu digər ilklərin də müəllifidir. Əvvəla, N.Süleymanov həmin oyunda ilk qolumuzun müəlliif kimi tarixə düşüb. Bu, oyunun 42-ci dəqiqəsində hesabı 1:1 etdiyi zamanı reallaşıb. N.Süleymanov 85-ci dəqiqədə qarşılaşmada son nöqtəni qoyub və bununla da ilk dublumuzun müəllifi kimi də adını tarixə yazdırıb. Kapitanın bunu penalti ilə etdiyini nəzərə alsaq, 11 metrlik cərimə zərbəsini ilk vuran və bunu dəqiq yerinə yetirən futbolçumuz olub.
Millimizin qapısına ilk qol, ilk dubl də həmin görüşdə olub. Bunun hər ikisinin müəllifi Davit Kizilaşvilidir. Həmin vaxt Tiflisin "Şevardeni-1906” klubunda çıxış edən 22 yaşlı hücumçu matçın 20-ci dəqiqəsində hesabı açmaqla Azərbaycan yığmasına ilk qol vuran futbolçu olub. D.Kizilaşvili 48-ci dəqiqədə hesabı 2:1 etməklə isə qapımıza dubl edən ilk futbolçu olub. Millimizin qapısına ilk penalti də həmin matçda olub və qolla nəticələnib. Bunun müəllifi isə D.Kizilaşvilinin komanda, 71-ci dəqiqədə fərqlənən digər hücumçu Kaxaber Qoqiçaişvili olub. Yeri gəlmişkən, həmin qarşılaşmada 3 penalti təyin olunub və daha 1-i qapımıza qolla nəticələnib. K.Qoqiçaişvili həmin vaxt əvəzləndiyindən bunu 79-cu dəqiqədə Qiya Cişkariani yerinə yetirib. O da "Şevardeni-1906"da oynayıb və ən əsası, həmin matçda rəqibin kapitanı olub.
Millimizin ilk oyununda hakim da gürcü olub. Bu, Quram Sepiaşvilidir. Yığmamızın ilk baş məşqçisi isə həmin qarşılaşmaya çıxaran Əhməd Ələsgərov olub. Gürcüstan millisinə Qiqa Norakidze rəhbərlik edib.
Nuqzar Lobjanidze sevindirdi, Tərlan Əhmədov məyus etdi
Yığmamızın oyununda ilk avtoqol da Gürcüstan yığması ilə yoldaşlıq görüşünə təsadüf edib. Ancaq bu, ikinci matç – 1993-cü ilin mayın 25-də Gəncə şəhər stadionunda keçirilən qarşılaşmadır. Rüstəm Rəhimovun idarə etdiyi və 9500 tamaşaçının izlədiyi matçda yeganə qolu 53-cü dəqiqədə rəqib müdafiəçi Nuqzar Lobjanidze vurub. Bu, millimizin tarixinə ilk qələbə kimi düşüb.
Millimizdən avtoqol edən ilk futbolçu isə Tərlan Əhmədovdur. Müdafiəçi AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə 2002-ci ilin sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda kapitanı olduğu matçda 32-ci dəqiqədə topu öz qapısına göndərib.
Əsas yığmamız ilk heç-heçəsinə 1993-cü iyunun 8-də imza atıb. Bu, İranın paytaxtı Tehranda keçirilən "ECO Cup” turniri olub. Qazaxıstan yığması ilə məşhur "Azadi” stadionunda keçirilən matç 3:3 hesabı ilə nəticələnib. Millimizdən Qurban Qurbanov dubl edib (10 və 25-ci dəqiqələrdə), daha bir dəfə Müşfiq Hüseynov (37-ci dəqiqə) fərqlənib. Yeri gəlmişkən, Q.Qurbanovun baş məşqçisi olduğu "Qarabağ”ın köməkçilərindən biri məhz M.Hüseynovdur. Bu, millimizin tarixində iştirak etdiyi ilk beynəlxalq turnirdir və baş məşqçi Ələkbər Məmmədov olub.
Millimizin ilk seçmə mərhələsi Avropa çempionatı (AVRO-1994) olub və onda baş məşqçisi Ağasəlim Mircavadov idi. İlk rəsmi oyunumuz 1994-cü il sentyabrın 7-də Rumıniya yığması ilə Buxarestdə "Styaua” stadionunda keçirilən matçdır. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Göründüyü kimi, millimizin həm ilk oyununda, həm də ilk rəsmi matçında böyükhesablı məğlubiyyətimiz reallaşıb. Millimizə rəsmi matçda qol vuran ilk futbolçu Miodraq Belodediçidir. Rumıniya yığmasının mərkəz müdafiəçisi 44-cü dəqiqədə hesabı açıb.
Dubl çox, het-trik yox
Millimizin ilk rəsmi oyununda da kapitanı N.Süleymanov olub. O, eyni zamanda seçmə mərhələdə ilk qolumuzun müəllifi olub. Bu, Slovakiya yığması ilə martın 29-da Koşitse şəhərində 1:4 hesabı ilə uduzduğumuz matçdır. Hücumçu 80-ci dəqiqədə penaltidən hesabı 1:4 edib. Millimizə rəsmi oyunda dubl edən futbolçu da həmin matçın iştirakçısıdır. Bu, Yaroslav Timkodur. Hücumçu 40 və 51-ci dəqiqələrdə fərqlənib.
Millimizə ilk het-trik edən futbolçu da həmin seçmə mərhələdə olub. Bu, Rumıniya yığmasının tanınmış hücumçusu Florin Raduçou olub. Rəqib futbolçu Trabzon şəhərində "Avni Aker” stadionunda 1:4 hesabı ilə məğlub olduğumuz oyunda 1-i penaltidən olmaqla 69 və 76-cı dəqiqələrdə fərqlənib. Millimizdə 25 illik tarixində dubllar çox olsa da, het-trik edən futbolçunun olmamağı uğursuz statistika kimi təəssüf doğurur.
Yığmamız seçmə mərhələdə ilk xalını da AVRO-1996-da qazanıb. Bu, Polşa yığması ilə dekabrın 13-də Trabzonda keçirilən qolsuz bərabərlikdir. Bu, həmin tsiklin son matçı olub və baş məşqçi postunda Kazbek Tuayev yer alıb.
Millimizin Bakıda – oyunlarını daha çox keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda debütü, ilk rəsmi matçı da K.Tuayevin vaxtında olub. Millimiz mərkəzi arenada ilk qarşılaşmasını 1996-cı ilin aprelin 9-da Türkiyə yığmasına 0:1 hesabı ilə uduzduğu yoldaşlıq görüşündə keçirib. Həmin ilin avqustun 31-də isə İsveçrə yığması 1:0 hesabı ilə məğlub etdiyimiz DÇ-1998-in matçı ilə seçmə mərhələdə vətəndə debüt etmişik. Təbii ki, bu, ilk rəsmi qələbəmiz kimi tarixə düşüb.
Seçmə mərhələdə ilk və yeganə böyükhesablı qələbə
Milli komandamız ilk böyükhesablı qələbəsini 1996-cı il fevralın 27-də Farer adaları yığması ilə yoldaşlıq görüşündə qazanıb – 3:0. Kiprin Famaqusta şəhərində keçirilən matçda qollarımızın müəllifləri Vyaçeslav Lıçkin (10-cu dəqiqə), Yunis Hüseynov (23-cü dəqiqədə penaltidən) və Qurban Qurbanov (30-cu dəqiqə) olub. Millimizin seçmə mərhələdə ilk böyükhesablı qələbəsi isə hələ ki yeganədir. Bu, 1999-cu il iyunun 5-də AVRO-2000-nin oyununda qazanılıb – 4:0. Q.Qurbanovla (16-cı dəqiqə) V.Lıçkin (42-ci dəqiqə) bu dəfə də qol müəllifləri olublar. Digər 2 qola Zaur Tağızadə (60-cı dəqiqə) ilə Mirbağır İsayev (72-ci dəqiqə) imza atıb. Bu, Avropa çempionatının seçmə mərhələsində ilk qələbəmiz kimi də tarixə düşüb.
Millimizin dünya çempionatının seçmə mərhələsində ilk heç-heçəsi isə DÇ-2002-də olub. Bu, 2001-ci ilin martın 24-də Moldova yığması ilə Tofiq Bəhramov adına Respublika stadionundan qolsuz bərabərlikdir.
Millimizdən rəsmi oyunda ilk vərəqəni qapıçısı Aleksandr Jidkov alıb. O, Rumıniya yığmasına Buxarestdə 0:3 hesabı ilə uduzduğumuz matçın 41-ci dəqiqəsində avstriyalı baş hakim Robert Sedlakek tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Rəsmi matçda ilk qırmızı vərəqə də həmin seçmə mərhələdə - AVRO-1996-da olub. Onun müəllifi T.Əhmədov olub. Müdafiəçi 1994-cü ilin noyabrın 16-da İsrail yığmasına 0:2 hesabı ilə uduzduğumuz matçda 87-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan çıxarılıb. Macarıstanlı baş hakim Vaqner Laşlo T.Əhmədova ilk sarı vərəqəni 48-ci dəqiqədə göstərib.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib