"Qəbələ"yə keçidi baş tutmayan Valeri Bojinov üçün yeni müştərilər ortaya çıxıb. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı hücumçu karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Bojinova türk muxtar respublikalarının təmsilçiləri - "Rubin"lə "Ufa" iddialıdır. Serbiyalı agentlər "Partizan"da çıxış edən bolqarıstanlı forvardı bu 2 kluba təklif edib.
Futbolçunun Belqrad klubu ilə müqaviləsi bu yay bitəcək. Serblər müqavilənin uzadılmamasının mümkünlüyünü nəzərə alaraq, Bojinovu indi satıb maddi cəhətdən qabağa düşmək istəyir. Hücumçu "Partizan"da keçirdiyi 22 rəsmi oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Valeri Bojinovun karyerasını Azərbaycanla yanaşı, Türkiyə, Yunanıstan, Yaponiyada davam etdirmə variantı olub. "Partizan" Bolqarıstan milli komandasının da üzvü olmuş legionerini "Qəbələ"yə buraxmayıb.