"Neftçi"nin yeni transferi İqnasio Herrera Azərbaycan Premyer Liqasında debüt etdiyi "Qarabağ"la 1:1 hesabı ilə nəticələnən matçdan sonra brifinq keçirib. Qazaxıstanın "İrtış" klubundan gələn çilili yarımmüdafiəçi Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandırıb.
- İlk oyunun çempion komandaya qarşı oldu. Necə bir komanda gördün?
- Əlbəttə, "Neftçi"yə yeni gəldiyimdən, adaptasiya dövrü keçirəm. İnanıram ki, komandaya xeyrim bundan da çox dəyə biləcək. Bugünkü oyunda bacardığım qədər köməyimin dəyməsi üçün əlimdən gələni etdim. İstərdim ki, səfərdən 3 xalla qayıdaq. Ancaq çox təəssüf ki, rəqib penalti ilə bərabərlik qolunu vurdu. Buna görə buradan 1 xalla ayrılası oluruq. Ancaq bu nəticəyə görə də üzülmürəm. Əslində, bilirdik ki, çətin oyun olacaq. Rəqibi yaxşı təhlil etmişdik.
- Azərbaycan çempionatı haqda fikirlərin necədir: Çempionun səviyyəsi səni qane etdimi?
- Əlbəttə, çox güclü komandaya qarşı oynadıq. "Qarabağ" bugünkü matçda öz səviyyəsini göstərə bildi. Ancaq mənə elə gəlir ki, onlara qarşı layiqli mübarizə apardıq, yaxşı müdafiə olunduq. Qazandığımız 1 xala görə məmnunam.
- "Kayrat", "Astana"ya qarşı oynamaq bundan çətindirmi?
- Bu iki çempionatı müqayisə etmək olmur. "Qarabağ" Azərbaycanda öz səviyyəsini göstərir. Güclü komandadır ki, nəinki 3 ildir çempion olub, Avropa Liqasının qrup mərhələsində də Azərbaycanı təmsil edib. Mənə elə gəlir ki, "Qarabağ"a qarşı oynamaq daha çətin idi. Məncə, "Kayrat" ona bir az oxşardır. Çünki top saxlamağı sevir. Bununla belə, "Qarabağ"ın səviyyəsi onlardan üstündür.
- "Neftçi"yə Türkiyədə qoşuldun. Yeni klubunun bazası, azarkeşləri səni təəccübləndirmədi ki?
- Bakıya gəldiyim ilk gündən klubda peşəkarlıq görürəm. Hər şeyə peşəkarcasına yanaşır, istənilən xırda problemi yerindəcə həll etməyə çalışırlar. Tərcüməçimiz də var, nə lazım oldu, mənə kömək edir. Bakı şəhərini də çox bəyənirəm. İnanıram ki, özümü ən yaxşı tərəfdən göstərə biləcəyəm və burada uzun müddət qalacağam.