Hollandiyanın "Feyenoord" klubunun futbolçusu Ozancan Kökçü Azərbaycan milli komandasından aldığı dəvəti qəbul etməyib.
Sportnet.az-ın "The Times"ə istinadən verdiyi məlumata görə, 19 yaşlı hücumameylli yarımmüdafiəçi bu addımı Hollandiya yığmasından dəvət gözləməsi ilə əsaslandırıb.
Kökçü artıq bu ölkənin 17 yaşadək futbolçulardan ibarət millisində çıxış edib və 14 oyuna 2 qol vurub. Türk əsilli futbolçunun "Feyenoord"la hazırkı müqaviləsi yayda başa çatır. Klubunun yeni müqavilə təklifini rədd edən hücumçu Hollandiyanın əsas millisinə dəvət almaq üçün legioner həyatı yaşamağa qərar verib. Hazırda gənc futbolçu İngiltərənin "Tottenhem" və "Everton" komandaları arasında seçim edir. Danışıqlar baş tutsa, o, yay transfer dövründə azad agent kimi klubunu dəyişəcək.
Qeyd edək ki, Ozancan Kökçü bu yaxınlarda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına qatılıb.