"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu postda çalışdığı 3-cü ilində Azərbaycan Premyer Liqasında 3-cü dəfə "texniki zona"dan çıxarılıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar"la debüt etdiyi 2014/2015 mövsümündə cəzalanmayan ukraynalı mütəxəssis ilk dəfə 2015/2016 mövsümündə bu aqibətlə üzləşib.
Bu, 2016-cı ilin aprelin 15-də keçirilmiş XXX turun "Qəbələ" - "Rəvan" oyununun 88-ci dəqiqəsində "texniki zona" qaydalarına pozduğuna görə baş verib. AFFA İntizam Komitəsi baş məşqçini həmin hərəkətinə görə 1 oyunluq cəzaya, klubu 1000 manat cəriməyə məruz qoyub. Rauf Cabbarovun baş hakim olduğu matç "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. "Qırmızı-qaralar" növbəti turda aprelin 23-də "Xəzər Lənkəran"la səfər matçında Qriqorçukun köməkçisi, həmyerlisi Mixaylo Savkanın rəhbərliyi altında 1:0 hesablı qələbəyə sevinib.
Roman İosifoviçin digər cəzaları da ötən ilə təsadüf edib. Ancaq bunlar cari mövsümün ilk yarısında olub. Ukraynalı baş məşqçi XIV turda noyabrın 6-da keçirilən AZAL-la səfər matçının 14-cü dəqiqəsində yenə eyni qaydaları pozduğu üçün "texniki zona"dan kənarlaşdırılıb. Bu dəfə onu cəzalandıran baş hakim İnqilab Məmmədov olub. AFFA-nın İntizam Komitəsinin cəzası eyni olub. "Qəbələ" növbəti turda noyabrın 19-da artıq digər köməkçi-məşqçisi - Sənan Qurbanovun rəhbərliyi altında "Zirə"ni evdə 1:0 hesabı ilə məğlub edib.
Qriqorçuk Şüvəlandakı oyundan 3 gün öncə, yəni həmin həftə iki dəfə tribunalara göndərilib. Fəqr ondadır ki, noyabrın 3-də "Bakcell Arena"da keçirilmiş matç Avropa Liqasının qrup mərhələsinin IV turunda Fransanın "Sen-Etyen” klubuna 1:2 hesabı ilə uduzduqları oyun olub. Ukraynalı mütəxəssis ilk hissənin son dəqiqəsində ispaniyalı baş hakim Karlos Del Serronun qərarına etirazını bildirdiyinə görə dərhal "texnini zona"dan çıxarılıb və cəzalı duruma düşüb. UEFA-nın çıxardığı 1 oyunluq cəza (cərimə olmayıb) üzündən Qriqorçuk növbəti turda - noyabrın 24-də elə "Bakcell Arena”da Belçika "Anderlext”i ilə matçda "texniki zona”da olmayıb. Onu yenə Qurbanov əvəzləyib və qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Qrioqrçukun son cəzası isə nə "texniki zona" qaydalarına pozduğuna, nə də hakimin qərarına etraz etdiyinə görə olub. Bu dəfə fevralın 3-də keçirilmiş XVI turun "Neftçi" ilə ev oyununun 90+2-ci dəqiqəsində o, rəqibin köməkçi məşqçisi, həmyerlisi Aleksandr Deriberinlə mübahisə etdiyi üçün baş hakim Fariz Yusofov tərəfindən tribunalara göndərilib. Ancaq bu dəfə təkcə Roman İosifoviç yox, hər iki məşqçi.
Göründüyü kimi, Qriqorçuk 3-cü ilində fevralın 3-də çempionatda 3-cü dəfə cəzalandırlıb. AFFA-nın İntizam Komitəsi fevralın 7-də keçirəcəyi iclasında onu ən azı 1 oyunluq cəzlanadıracaq ki, bu da növbəti tur - fevralın 8-də AZAL-la ev oyununda "texniki zona"da ola bilməyəcəyi deməkdir. Ukraynalı baş məşqçini yenə Qurbanov əvəzləyəcək. Sadəcə, məsələ ondadır ki, Roman İosifoviç ilk dəfə Qəbələdəki oyunda cəzalı durumda olacaq.