1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Təmkin Xəlilzadə: "Milliyə layiq olsaydım, çağırardılar" - MÜSAHİBƏ
"Zirə”nin futbolçusu Təmkin Xəlilzadənin Sportnet.az-a müsahibəsi
- Son turda "Kəpəz”lə ev oyununda azlıqda qalsanız da, qələbə topunu vuraraq 1:0 hesabı ilə qalib gələ bildiniz. Bu, nəyin göstəricisidir?
- Oyuna yaxşı hazırlaşmışdıq. Bildiyiniz kimi, Avropa Liqasına vəsiqə uğrunda mübarizədə ən yaxın rəqiblərimizdən biri "Kəpəz”dir. Onlarla xal fərqi 3 idi və qalib gələrək bunu artırmaq istəyirdik. Bu rəqiblə prinsipiallıq məhz Avroliqaya vəsiqə üzündəndir. Matçdakı qırmızı vərəqə planlarımızı alt-üst etdi. Azlıqda oynamaq çətin idi. Bərabər sayda mübarizə aparsaydıq, rahat olardı. Ancaq "qırmızı”dan sonra ruhdan düşmədik, kollektiv şəkildə mübarizə apardıq. Sözün əsl mənasında döyüşdük, yaxşı müdafiəşi olunduq. Vurduğumuz qoldan sonra məcburiyyətdən müdafiə olunduq.
- "Zirə” ölkə kubokundan kənarda qaldığından, avrokuboklara yolu yalnız çempionatdan keçir. Premyer Liqada 4-cü yer kubokun qalibinin kim olmasından olaraq, Avropa Liqasında vəsiqə verə bilər. Bu şansınız nə dərəcədə yüksəkdir?
- Avrokuboklar uğrunda mübarizədə rəqiblərimiz "Kəpəz”lə yanaşı, "İnter", "Sumqayıt” və "Neftçi”dir. Düşünürük ki, Avropa Liqasına vəsiqə qazanacağıq. Bunun üçün çox əziyyət çəkməli, məşq etməli, öz üzərimizdə işləməyik.
- "Zirə” qış fasiləsindən sonra yüzfaizli nəticə göstərən yeganə komandadır. Adil Şükürovu baş məşqçi postunda əvəzləyən Ayxan Abbasov nəyi dəyişə bildi ki, belə uğurlu çıxış edirsiniz?
- Ayxan Abbasovun gəlişi ilə komandada birlik, mehribanlıq möhkəmləndi. Onun bizdən istədiyi əsas şey budur - sağlam, meydanda döyüşkən kollektivin olması. Kənardan necə görsəndiyini deyə bilmərəm, ancaq komandamızın daxilində əhval-ruhiyyə çox yüksəkdir. Hamı meydanda bir-biri üçün döyüşür. Bunun nəticəsidir ki, 2 oyuna 6 xal topladıq. Hər oyuna qələbə üçün çıxırıq. Maksimum xal yığmaya çalışırıq. Minimum vəzifəmiz uduzmamaqdır.
- "Zirə”nin ötən mövsüm bombardiri olmuş Nelson Bonilyasız zəiflədiyi, hücumçusuz oynadığı deyilir...
- Bonilya tarix idi, oldu, qurtardı, bitdi. Futbol belədir, bu gün varsan, burdasan. Sabah başqa yerdəsən, artıq komandada yoxsan. Deyirlər ki, hücumçu yoxdur? Niyə ki? Nurlan Novruzov "Kəpəz”lə oyunda qol vurdu. Sezar Meza Kolli də fərqlənir. Komanda şəkində oynayaraq qol vurmağa çalışırıq.
- "Transfer pəncərəsi”nin bağlanması ərəfəsində iki yeni hücumçu – Amadu Sanqarla Riçard Qadzeni aldınız. Afrika əsilli legionerlər Bonilyanı unutdura biləcəklərmi?
- Onlar komandaya gec qoşulublar. Ancaq yeni olduqları hiss olunmur. Sanki çoxdandır burdadırlar. Sanqar "Kəpəz”lə oyunda meydana sonradan daxil oldu, var-gücünü qoydu. Məncə, komandaya kömək etdi. İnanıram ki, hər ikisi bizə güc qatacaq.
- Öz oyunundan nə dərəcədə razısan?
- Razı deyiləm. Hələ neyləmişik ki?
- Ümumiyyətlə, karyeranda nəyə nail ola bilmisən, nələrə isə hələ çox var?
- Birinci məqsədim milli komandanın şərəfini qorumaqdır. Bunun üçün də çox çalışmalıyam.
- Necə hesab edirsən: hazırda milliyə çağırılmağa layiqsən?
- Yəqin ki, layiq olsaydım, çağırardılar.
- Ən azı yoldaşlıq görülərində çağırıb sınamaq olmazdımı? Hər halda, baş məşqçi Robert Prosineçki, köməkçiləri çempionat oyunlarını daim izləyirlər...
- Konkret, bu haqda danışmaq, millinin məşqçiləri iə bağlı fikir bildirmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, məqsədim çalışaraq milliyə düşmək, yerimi möhkəmlətməkdir.
- Solaxay futbolçusan ki, Azərbaycanda uzun illərdir belə oyunçu ilə bağlı problem var. Bu, xüsusilə cari mövsümdən oynadığın müdafiənin sol cinahı ilə bağlıdır. Belə olan halda, səncə, azsaylı olan solaxay futbolçular daha çox diqqət mərkəzində olmalı deyillərmi?
- Yəqin ki, millidən oyunumu izləyirlər. Bilirik ki, yığmada sol cinah yaralı yerimizdir. Bunu hamı, bütün Azərbaycan bilir. Məqsədim həmin mövqedə milliyə faydalı olmaqdır.
- Ancaq bir dəfə də olsun çağırılmamısan. Bu, səni məyus etmir, ruhdan salmır ki?
- Yox, əksinə, mənə müsbət təsir edir. Daha da motivasiya verir ki, bundan sonra çox çalışmalıyam.
- Millimizdə cinah müdafiəçiləri mövqelərində milliləşdirilən legionerlər, xüsusilə dağıstanlı futbolçular oynayır. Bu zaman hansı hissləri keçirisən? Düşünmürsən ki, yerli futbolçu oynasaydı, daha yaxşı olardı?
- Elə düşünmürəm. Millinin oyununa baxanda, hamımız ilk növbədə, qələbəni, yaxşı nəticəni gözləyirik. Fərqi yoxdur ki, bu gün dağıstanlı futbolçu oynadı, yoxsa Təmkin. Millinin şərəfini qoruyub formasını geyinibsə, deməli, bizim futbolçudur. Dua edirik ki, nəticə qazansınlar. Mənə heç bir mənfi təsir göstərmir ki, niyə milliləşən oynayır? Mən özümdə onu təhlil edirəm ki, niyə mən milidə oynamıram? Deməli, nəsə çatmır, işləmək lazımdır. Mən məşq edərək belə şeyləri fikirləşirəm. Başqa şeylər ağlımdan keçmir. O da futbolçudur, çörəyini qazanır, ayaqları ilə əziyyət çəkir. Həmişə beynimizdə müsbət fikirlər olub.
- Keçən mövsüm "Zirə”də yarımmüdafiənin sol cinahında, bundan əvvəlki klubun olan AZAL-da isə yarımmüdafiənin sağ cinahında da oynamısan. Ümumiyyətlə, hansı mövqe sənə daha rahatdır?
- Məşqçilər qapıya da qoysa, məcbur olub duracağam.
- Bu, aydın məsələdir. Sadəcə, hər bir futbolçunun özünü daha rahat hiss etdiyi mövqe olmalıdır...
- Əlbəttə, topla oynamağı xoşlayan futbolçu kimi mənə qabaqda daha irəlidə olar. Amma müdafiədə də oyunum yaxşı alınır. Yəqin ki, məşqçilər bunun bəhrəsini görərək məni orada oynadırlar.
- Cari mövsümdə sabit, inamlı oyununla diqqət çəkirsən...
- Buna kənardan qiymət verə bilərsiniz. Siz belə, digəri başqa cür düşünə bilər.
- Təmkin adına uyğun təmkinlidir, yoxsa təmkinsiz?
- (gülür) Çalışıram ki, təmkinli olum.
- Adətən deyirlər ki, solaxay futbolçular "ipə-sapa yatmayan” olur, xarakterlərində problemlər olur...
- Yox. Şükürlər olsun ki, məndə belə deyil. Xarakterimdə problem görmürəm. Hər şey öz əlimdədir, başımı aşağı salıb işimi görürəm. Dinimiz-imanmız yerində. Bizə nə qalır? Futbol oynamaq, gecə-gündüz məşq, top, meydanda yatıb-durmaq.
- Legioner həyatı yaşamağı qarşısa məqsəd qoymusan, yoxsa ən güclü klublarımızdan birinə keçməyi?
- Açığı, xaricdən təklifim olmayıb. Ancaq əlbəttə, Avropada oynamağı hər bir futbolçu istəyir. Bunun üçünsə ilk növbədə, yaxşı hazırlaşmaq lazımdır. Məqsədə nail olmaq istəyiriksə, yatmamalıyıq.
- "Qarabağ”ın yetirməsisən. Bu klubdan getməyinə nə səbəb oldu? Hər halda, "Qarabağ”da futbolçu kimi daha çox artıra bilərdin...
- Səbəb oynamamağım idi. Baş məşqçi Qurban Qurbanovla məsləhətləşdik. Belə qərara gəldik ki, başqa kluba icarəyə verilim. Elə yaşım idi ki, oynamağım lazım idi. Qurban müəllim istəyimi normal qarşıladı və heç bir problem yaratmadı. Nəticədə AZAL-a icarəyə verildim. 1 il orada çıxış etdim, mövsümdə 24-25 oyun keçirdim.
- "Qarabağ”da heyətə düşməyə real baxmırdın?
- Bu komandada oynamaq şansım çox az olurdu. Çünki futbolçu, xüsusilə legionerlər çox idi. Həmin vaxt yaşım indikindən də az idi və əsas heyətə düşməyə çətinlik çəkirdim. Ancaq indi vəziyyət başqadır. Hazırkı komandamda daim oynayıram, təcrübəm artır. "Zirə” ötən mövsüm məni "Qarabağ”dan birdəfəlik aldı. Bu klubla 2 illik müqavilə imzaladım və 2-ci mövsümdür onun şərəfini qoruyuram.
- Bəs "Qarabağ”a dönmək perspektivini nə dərəcədə real görürsən?
- Bunu həmin klub daha yaxşı bilər. Lazım olsam, hər halda, maraqlanarlar. Üstəlik, "Qarabağ”a tanış futbolçuyam, həmin baş məşqçi ilə işləmişəm. Qurban Qurbanovun rəhbərliyi altında ilk çempion olduqları mövsümdə (2013/2014) 4 oyun keçirmişəm. Onda da 2 oyunda müdafiəçi, 2-də isə yarımmüdafiəçi mövqeyində oynadım. Hər ikisi də sol cinah idi. Güclü futbolçular meydanda olanda oynamaq rahat idi. "Qarabağ” Azərbaycanın ən güclü klublarından biri, bəlkə də birincisidir. Son 3 ildə çempion olub, 2 dəfə kuboku qazanıb, ardıcıl 3 ildir Avroliqanın qrupunda çıxış edir. Hamı istəyir ki, "Qarabağ”da olsun. Ancaq "Zirə” də mənə doğmadır. Komandada hər şey qaydasındadır, ab-hava əladır. Bu gün burda ola bilərsən, amma sabah gözünü açaraq, başqa komandada olduğunu görürsən.
Mehman SÜLEYMANOV