"Futbolda milliyə çağırılmayan oyunçu məsələsi olduqca aktual mövzudur. Hər kəs bunu müzakirə etməyə başlayır. Robert Prosineçki açıq-aşkar deyirsə ki, Nizami Hacıyev oyun fəlsəfəmə uyğun gəlmir, ona alqış düşür".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Samir Abaso deyib.
Futbol oynadığı vaxt "İnter"də komanda yoldaşı olduğu Nizami Hacıyevin milliyə çağırılmamasına münasibətini bildirən keçmiş müdafiəçinin sözlərinə görə, baş məşqçi Robert Prosineçkinin fikrini açıq, qətiyyətlə bildirməsi alqışalayiqdir: "Prosineçki siyasət işlədərərək deyə bilərdi ki, Hacıyevi gələn dəfə çağıraram. Ancaq bildirirsə ki, futbolçu oyun sisteminə, futbol fəlsəfəsinə uyğun deyil, Nizami bununla barışmalıdır. O, peşəkar futbolçudur. Düzdür, ürəyindən çox keçir, istəyir ki, millidə çıxış etsin. Həqiqətən klubunda çox yaxşı oynayır, super mövsüm keçirir. "İnter" deyəndə, adamın gözünün qabağına Nizami gəlir. Meydanda klubuna görə hər şeyini qoyur. Amma hazırkı vəziyyətə görə baş məşqçini nəinki günahlandırmaq, ümumiyyətlə, həvəsdən düşmək lazım deyil. Sabah Azərbaycan futbolunda Prosineçki də olmaya bilər, ancaq Nizami millidə ola bilər".
"Sumqayıt"ın baş məşqçisi son günlər çox müzakirə olunan futbol mütəxəssisinin oyun fəlsəfəsindən də söz açıb: "5 məşqçi var ki, dünya futbolunu dövriyyəyə buraxırlar. Bu ölkədən o ölkəyə gedirlər. Getdikləri komandaları həmin tərzdə oynadırlar. Deyirlər ki, bu, həmin məşqçinin futbol fəlsəfəsidir. Azərbaycanda bir klubda müəyyən dəyişiklik varsa, deməli, baş məşqçinin adı ilə bağldır. Fəlsəfəni bununla əlaqələndirirlər. Mən Prosineçkini qınamaq istəmirəm. Heytdə gördüyü futbolçular var və komandanın oyununu onlar üzərində qurur".