"Dünən Xocalı faciəsinin 25 illiyi idi. Orda dünyasını dəyişən insanların yaxınlarına bir daha səbr diləyirəm. Bundan başqa, son vaxtlar cəbhə bölgəsində də gərginlik davam edir. Əsgərlərimizə güclü olmağı arzulayıram. Onların yanındayıq".
Sportnet.az-ın məlumatına görə, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov "Sumqayıt"ı evdə 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransına bu sözlərlə başlayıb.
Daha sonra gənc mütəxəssis oyunla bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb...
- "Sumqayıt” çempionatda ən yaxşı formada olan komandalardandır. Bu gün bunun bir daha şahidi olduq. Samir Abasov yaxşı komanda formalaşdırıb. Bu oyuna yaxşı hazırlaşmışdıq. Öz meydanımızda vacib qələbə qazandıq. İlk hissədə biz üstün olsaq da, ikinci hissədə rəqib daha fəal təsir bağışladı. Ancaq buna baxmayaraq, matçdan 3 xalla ayrılmağı bacardıq.
- Latifu, Lorenso və Sanqarenin adının oyunun iştirak ərizəsinə salınmamasının səbəbi nə idi?
- Latifu və Lorenso "İnter”lə oyunda zədələnmişdilər. Sanqarenin isə ayağında ağrı olduğundan, risk etmək istəmədik. Ümumiyyətlə, yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıb. Bu gün qışda bizə qoşulan oyunçulardan Qadzenin fərqlənməsi bizi sevindirdi. Vaxt keçdikcə komandaya daha da uyğunlaşacaqlar.