"Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XX tur matçından sonra "Zirə"nin futbolçusu Yovan Krneta ilə yaşadığı qalmaqala aydınlıq gətirib.
29 yaşlı müdafiəçi Sportnet.az-a açıqlamasında hadisə haqda danışıb. O, serbiyalı legionerin üzərinə, azərbaycanlı oyunçu ilə danışıq tərzinə diqqət etmədiyi üçün hücum etdiyini bildirib: "Krnetanı vurmaq yox, başa salmaq istəmişəm. O, yerli futbolçu ilə necə danışmağın lazım gəldiyini bilməlidir. Həmin insident zamanı Elvin Məmmədov, Anar Nəzirov və Kamal Bayramov məsələyə müdaxilə etdi və hər şey yoluna düşdü. Onlar da dedilər ki, özümüz Yovanı başa salacağıq və başa salıblar da".
Hüseynovun sözlərinə görə, Krneta ilə mübahisəsinə əcnəbi futbolçunun oyun zamanı və sonrası davranışı səbəb olub: "Oyunun gedişində bir epizodda mənə dirsək atdı. Amma məsələ bu deyildi. Matç başa çatandan sonra mənə söz dedi. Bu, hakimlərlə sağollaşdığım vaxt oldu. Xeyr, söyüş söymədi, başqa söz dedi. Elə söz idi ki, onun dilində də olsa, başa düşdüm. Nə dediyini açıqlamayacağam, qoy, məndə qalsın. Heç kimə qarşı belə reaksiya verən biri deyiləm. Sadəcə elə söz dedi ki, özümü saxlaya bilmədim. Yaxşı ki, uşaqlar orda idi, yoxsa elə mən də qırmızı vərəqə alardım”.
Qeyd edək ki, oyun "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.