"İnter” klubunun futbolçusu Qara Qarayev əsas komanda ilə məşqlərə başlayıb.
Sportnet.az-ın məlumatına görə, əvəzedici komandanın baş məşqçi Fizuli Məmmədovla problem yaşadığı üçün heyətdən kənar qalan, daha sonra ali təhsili ilə əlaqədar Belarusun paytaxtı Minskə yollan 19 yaşlı futbolçu əfv olunub.
Qarayev Məmmədovla aralarında yanlış anlaşıma olduğu, ona qarşı heç hörmətsizliyə yol vermədiyini bildirincə, baş məşqçi Zaur Svanadze futbolçuya "yaşıl işıq” yandırıb. O, əsas komandanın dünən baş tutan məqşində iştirak edib.
"İnter” bu gün Azərbaycan kubokunun yarım final mərhələsinin cavab matçında "Qəbələ”nin qonağı olacaq. Paytaxt təmsilçisi evdə keçirdiyi ilk oyunda 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, martın 12-də Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında təşkil olunan ölkə çempionatında XXII tur çərçivəsində baş tutan "İnter" - "Sumqayıt" görüşündə xoşagəlməz olay yaşanmışdı. Görüşün 58-ci dəqiqəsində əvəzetmədən meydana daxil olan Q.Qarayev 20 dəqiqə sonra komanda yoldaşı ilə əvəzlənmiş və oyunun 85-ci dəqiqəsində qonaqların qələbə qolunu (3:2) vurmasından sonra isə 19 yaşlı hücumçunun əl çalması baş məşqçi F.Məmmədovu özündən çıxarmışdı. Nəticədə futbolçu heyətdən kənarlaşdırılmışdı.