"Millimizin oyunlara tam hazır olub-olmadığını mən deyə bilmərəm. Çünki komandanın içində deyiləm. Yəqin ki, millimiz yaxşı hazırlaşıb. Evdə oynayacaq millimiz. Buna görə də xalqımızı sevindirəcəyinə inanıram. Bosniya və Herseqovina, Albaniya və Macarıstan arasındakı ən ciddi rəqib sonunculardır. Reytinqimiz güclü olduğundan birinci oyunu zəif rəqiblə oynamalıyıq". Bunu Sportnet.az-a açıqlamasında futzal üzrə milli komandamızın sabiq üzvü Rəcəb Fərəczadə deyib.
Yığma komandamızda uzun illər forma geyinmiş Fərəczadə millimizin final mərhələsinə yollana biləcəyinə inandığını deyib: "Yığmamız Moldova ilə yoxlama görüşü keçirdi və qalib gəldi. Ancaq bu heç nə demək deyil. Çünki rəqibin zəif olduğunu hamı bilirdi. Yoldaşlıq oyunu ilə rəsmi oyunlar tam fərqlidir. Millimizin qrupu birinci yerlə bitirəcəyinə 90 faiz əminəm. Ən pis halda 100 faiz inanıram ki, ikinci yerlə də olsa millimiz final mərhələsinə adlayacaq. Çünki gücümüz buna çatır. Düzdür, Macarıstan yığması bir az bizə problem yaşada bilər. Amma həmin oyunu da udmaq lazımdır. İlk iki görüşdəki top fərqini yaxşılaşdırmaq lazımdır ki, üçüncü oyunu minimum heç-heçə ilə çıxaq".
Fərəczadə, püşkün millimiz üçün uğurlu olduğunu və rəqiblərimizin güclü olmadığını söyləyib: "Gəlin razılaşaq ki, rəqiblərimiz nə Portuqaliya, nə İspaniya, nə də İtaliyadı. Heç Ukrayna da səviyyəsində də deyillər. Ona görə deyə bilərəm ki, rəqiblərimiz o qədər də ciddi deyil. Püşkatma bizim üçün çox uğurlu oldu. Macarıstan yığması pis rəqib deyil. Bir-iki yaxşı oyunçuları var. Ancaq bizimkilər dünya çempionatındakı uğurlu çıxışın davamını gətirərlər”.