"Klub rəhbərliyini, futbolçuları, bütün kollektivi və azarkeşləri təbrik edirəm. I divizonda çıxış etdiyimiz 5-ci mövsümdə də mükafatçılar sırasına düşməyi bacardıq. Lakin komanda Premyer Liqaya vəsiqə qazansa da, hələ durumumuza aydınlıq gəlməyib”.
Bunu Sportnet.az-a açıqlamasında futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-cü il mövsümünü üçüncü pillədə tamamlayan "Ağsu”nun baş məşqçisi Rüfət Quliyev deyib.
R.Quliyev bildirib ki, Premyer Liqada iştirak etmək üçün əksər sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna təqdim ediblər: "Ancaq müəyyən məsələlər var ki, buna klub rəhbərliyi qərar verir. Gələn həftənin əvvəlində mükafatlandırma mərasimi olacaq. Həmin tədbirdən sonra "Ağsu”nun Premyer Liqada iştirak edib-etməyəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, ardıcıl ikinci mövsüm I Divizionda bürünc medallara sahib çıxan "Ağsu”nun aktivində bir çempionluq və bir ikincilik var.