IV İslam Oyunlarına hazırlıq üçün Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət edilən Xorvatiyanın "Duqopolye" klubunun hücumçusu Elnur Cəfərovun Sportnet.az-a müsahibəsi
- Hazırlıq prosesi necə gedir?
- Komandamız iki gündür toplaşıb. Mən isə dünən axşam saatlarında kollektivə qoşulmuşam. Hazırda fiziki hazırlıq üzərində çalışırıq. Uşaqların vəziyyəti hərtərəfli yaxşıdır. Mayın 8-də Kamerunla oyunumuz var. Fikrimiz bu matça yönəlib.
- Legioner həyatı yaşayanlardan birisən. Hazırkı vəziyyətin necədir və 90 dəqiqə oynaya biləcəksən?
- Özümü təkcə fiziki deyil, hərtərəfli hazır hiss edirəm. Hər şey baş məşqçidən asılıdır. Yaşar Vahabzadə şans versə, özümü göstərəcəyəm.
- Amma məşqdə bir az passiv görünürdün. Deyəsən, artıq çəkin var...
- Yox, artıq çəkim-zadım yoxdur. Bəlkə sənə elə gəlir.
- Ümumiyyətlə, Xorvatiyada işlərin nə yerdədir?
- Orada hər şey Avropa üslubundadır. Çıxış etdiyim bir mövsüm ərzində hər şey yaxşı idi. Oyunlara özümü hazır hiss edirdim. Bəzi oyunlarda şans verildi.
- Azərbaycana qayıtmaq barədə düşünmürsən?
- Hazırda İslamiadanı fikirləşirəm. Oyunlardan sonra qərarımı verəcəyəm. Ola bilsin, Azərbaycana qayıtdım. Amma hər şey ola bilər. Dəqiq bilinmir. Xaricdən bir-iki təklifim var. İslamiadadan sonra oturub dəyərləndirəcəyəm.
- Səninlə bağlı məlumat qıtlığı var. Sanki Afrikanın ucqar bölgəsində çıxış edirsən. Özünü niyə belə kənara çəkmisən?
- Düzdür, ikinci liqadır. Amma Afrika deyil. "Xəzər Lənkəran" və Portuqaliya "Tondela"sını tərk etdikdən sonra oyun praktikam yox idi. Xorvatiya klubuna keçdim ki, oyun praktikamı artırım, sonra da hara qismət olsa, ora gedim. Düzdür, göz qabağında deyildim, kənara çəkilmişdim. Amma yaxın vaxtlarda göz qabağında olaram.
- Bəs mətbuatdan niyə kənara çəkilmişdin? Səninlə heç cür əlaqə saxlamaq olmurdu. Bunun xüsusi səbəbi var?
- Heç bir səbəbi yoxdur. Zəng gəlsəydi, cavab verərdim. Mətbuatdan qaçmıram. Qətiyyən!