IV İslam Həmrəyli Oyunlarının II turunda Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının oyununa yenə maraq olduqca azdır.
Sportnet.az-ın məlumatına görə, görüşün keçiriləcəyi "Bayıl Arena" stadionunun 3200 nəfərlik tribunlarının 1/3-i belə dolmayıb.
İlk turda Azərbaycan - Kamerun görüşündə də oxşar mənzərə yaşanmışdı. İslamiadanın Əməliyyat Komitəsi yığmamızın oyunları üçün biletlərin hamısının satıldığını açıqlasa da, tribunaların 2/3 boş idi.
Gənclər və idman naziri Azad Rəhimov bu gün baş tutan mətbuat konfransında bunu havanın günəşli olması və azarkeşlərin növbəti matçlara gəlməyə üstünlük verməsinin mümkünlüyü ilə əlaqələndirib. Lakin hazırda nə hava günəşlidi, nə də oyun həmin oyundu.
Qeyd edək ki, matç saat 18:30 başlayacaq.