İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu yenidən Çempionlar Liqasının ən yaxşı bombardiri olub. Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu İtaliya "Yuventus"u ilə final matçındakı "dubl" sayəsində aktivindəki qolların sayını 12-yə çatdırıb.
Bununla da Ronaldu ardıcıl 5-ci, karyerasında 6-cı dəfə turnirin ən məhsuldar oyunçusu olub. Ümumilikdə isə o, 105 qol vurub ki, bu da Çempionlar Liqası tarixinin ən yaxşı göstəricisidir.
32 yaşlı oyunçu mərkəz hücumçusu olmadığı halda fərqlənib. O, əksərən cinah oyunçusu kimi çıxış edir. Ronaldu mövqeyini dəyişməyəcəyini bildirib: "Hamı düşünür ki, heç vaxt hücumçu olmamışam və olmayacağam da... Çıxış etdiyim mövqedə 600-dək qol vurmuşam. Mövqeyimi dəyişməyə lüzum görmürəm. "Real Madrid" 4-4-2 sxemi ilə oynayanda mənə daha xoş gəlir. Amma bu, 4-3-3 sxemindən narazı olduğum anlamı verməməlidir. Çünki bu sistemdə başqa cür hərəkət edə bilirəm. Müxtəlif mövqelərdə oynayıram".
Təcrübəli futbolçu mövsüm ərzindəki performansı barədə də danışıb: "Çox şadam, inanılmaz dərəcədə motivasiyalıyam. Pasportumdakı yaş isə sadəcə, rəqəmlərdən ibarətdir. Özümü yeniyetmə oğlan kimi hiss edirəm. Daha bir əla mövsüm keçirdim. Komanda yoldaşlarımızla birgə "dubl" etdik, iki turnirin qalibi olduq. Rəqəmlər yalan danışmır".
Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının final matçında İtaliya "Yuventus"unu böyük hesabla yenib. Qollardan 2-ni Kriştianu Ronaldu vurub. Onun 2-ci qolu karyerasında 600-cü olub.