
Topaz Premyer Liqasının son turunda "Araz Naxçıvan" üzərində qələbə qazanan "Sumqayıt" klubu 4 günlük istirahəti başa vurub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "gənclik şəhəri" təmsilçisi baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında "Kapital Bank Arena"da bu gün səhər məşqlərə start verib.
Komandanın axşam məşqi saat 19:00-da olacaq. Azərbaycanın 21 yaşadək yığmasının heyətində yer alan 6 futbolçu - Şahrudin Məhəmmədəliyev, Slavik Alxasov, Bəxtiyar Həsənalızadə, Tərzin Cahangirov, Ceyhun Cavadov və Məhəmməd Qurbanov hazırlıqlara nisbətən gec qoşulacaq. Zədəli olan qapıçı Andrey Popoviç isə artıq kollektivlə birgədir.
Qeyd edək ki, 4 turdan sonra Premyer Liqanın lideri olan "Sumqayıt" sentyabrın 6-da "Bakı"nın təlim-məşq bazasında "İnter"lə yoxlama oyunu keçirəcək.