"Çətin olacağını əvvəlcədən bilirdik, yaxşı hazırlaşmışqdıq. İlk hissədə qol buraxdıq və həmin epizodda mənim də səhvim vardı”.
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt”ın hücumçusu Cavid Tağıyev səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib. O, bildirib ki, fasilədən sonra toparlanmağa çalısalar da, əllərinə düşən fürsətlərdən yararlana bilməyiblər: "Bunu bacarsaydıq, ən azı heç-heçə ilə qayıda bilərdik. Daha çox ilk hissədə qol vəziyyətləri yaratdıq. Deməzdim ki, ikinci hissədə sönük çıxış etdik. Oyunumuzda nəsə çatışmırdı. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Qarşıda bizi "Zirə” ilə matç gözləyir”.
Tağıyevin fikrincə, ilk turda "Kəpəz”i məğlub etmələri doğma meydanda çıxış etmələri ilə bağlıdır: "Azarkeşlərimizin önündə oynayırdıq və daha istəkli idik. Həmin dəstək Qəbələdə də olsaydı, ən azı heç-heçə edərdik".
Tağıyev "Sumqayıt"dakı hədəflərindən də danışıb: "Qarabağ”dan sonra "Zirə”də formamda bir az eniş oldu. Baş məşqçinin taktikasına uyğun gəlmədim. Ayxan Abbasov şans vermədi. "Sumqayıt”a gəlməkdə məqsədim əvvəlki formamı bərpa etmək və milliyə dəvət almaqdır. Bura mənim üçün tramplindir, qalxmalıyam. Komandam üçün də əlimdən gələni edəcəyəm. "Sumqayıt”la bir illik müqaviləm var. Mövsümün sonunda təkliflər olsa, baxacağam. Bu mövsüm üçün hədəfimiz Avropa Liqasına vəsiqə qazanmadır. Bunun üçün əlimizdən gələni edəcəyik”.