Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Roma" klubu İtaliya A Seriyasında II tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib "İnter" komandası olub.
"Olimpiko" stadionunda oynanılmış qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:3. Hesabı 15-ci dəqiqədə "Roma"nın bosniya və herseqovinalı hücumçusu Edin Dzeko açıb. Lakin fasilədən sonra "İnter" qollarını sıralamağa başlayıb. 67 və 77-ci dəqiqələrdə Mauro İkardi, 87-ci dəqiqədə isə Matias Vesino fərqlənib.
Bu nəticədən sonra "İnter" 6 xalla "Yuventus"la birgə ilk 2 pillədə yer alıb. 3 xalı olan "Roma" isə hələlik 8-cidir.
Qeyd edək ki, "Qarabağ" və "Roma" arasındakı ilk oyun sentyabrın 27-də Bakıda, təkrar qarşılaşma isə dekabrın 5-də elə "Olimpiko" stadionunda olacaq.