"Qəbələ"nin futbolçusu Tellur Mütəllimov "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran gənc yarımmüdafiəçi məğlubiyyətin əsas səbəbi kimi bəxtsizlik amilini vurğulayıb.
-Oyun barədə nə deyə bilərsən?
- Oyun çox maraqlı keçdi. Xeyli qol epizodu yaratdıq, ancaq cəmi birindən yararlana bildik. Rəqib də yaxşı çıxış etdi, yaratdığı vəziyyətlərdən istifadə etdi və 2 qol vurdu.
- Məğlubiyyətin səbəbi nə idi?
- Məğlubiyyətin əsas səbəbi olaraq bəxtsizlik amilini diqqətə çatdırmaq istərdim. Deməzdim ki, rəqibdə belə imkanlar olmadı. Xeyli epizodlarımız oldu, ancaq bəxtimiz gətirmədi. Stiven Monroz iki qol epizodunu qaçırdı, Rəşad Sadıqov da müdafiədə yaxşı oynadı və fərqlənməyimizə imkan vermədi.
- Cavid Hüseynov və Elvin Məmmədovun yoxluğu hiss olundu, yoxsa onların əvəzinə çıxan futbolçular da yaxşı təsir bağışladılar?
- Bəli, həmin futbolçular da yaxşı çıxış etdilər. Amma onlar özləri olsaydı, daha yaxşı olardı.
- Artıq "Zirə" və "Qarabağ" liderliyini daha da möhkəmləndirdi. Bu, çempionluğa oynayan komanda üçün ağır itki deyil?
- Hələ çempionatın başlanğıcıdır. Bizi uzun marafon gözləyir. Çalışacağıq ki, bütün oyunlardan sərfəli hesablarla ayrılaraq, çempionluq uğrunda mübarizə aparaq.
- "Qarabağ"ın Çempionlar Liqasında oynamağı sizin üçün qışa qədər üstünlükdür, yoxsa...?
- Əlbəttə, orada oynamağın özü bir başqa motivasiyadır. Çünki həmin qarşılaşmalardan sonra Premyer Liqada fərqli həvəslə çıxış edirsən. Onlara da uğurlar arzulayıram. İnanıram ki, daha da yüksək nəticələr qazanacaqlar.