Bu gecə Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edəcək "Çelsi" klubu azarkeşlərinə müraciət ünvanlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "zadəganlar" "Stemford Bric" stadionunda möhtəşəm atmosferin yaranacağını gözlədiklərini bildiriblər. Bu mənada, komanda öz azarkeşlərini müsbət dəstəyə və rəqib komandaya qarşı hörmətli olmağa çağırıb. Şənbə günü İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində "Lester"lə səfər oyunu zamanı "Çelsi" azarkeşlərinin stadionda "Yid" sözünü özündə ehtiva edən mahnı səsləndirməsi narazılığa səbəb olub. Klub bildirib ki, bu antisemitizimdir və futbola, azarkeşlərə yaraşmayacaq bir addımdır. Bu yahudi tərəfdarlara, onların ailələrinə qarşı təhqir kimi qiymətləndirilib, və yolverilməz hesab edilib. "Çelsi" klubu antisemitizmli davranışlar da daxil olmaqla ayrı seçkiliyin bütün formalarını qınadığını bir daha bəyan edib.
Xatırladaq ki, "Çelsi" - "Qarabağ" görüşü bu gecə, Bakı vaxtı ilə 22:45-də başlayacaq.