Sortnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. İkinci mövzu oktyabrın 21-də 20 yaşını qeyd edən və Azərbaycan futbolunun aynası hesab edilən "Futbol+” qəzetidir. Yubiley münasibəti ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) ən nüfuzlu nəşrlərindən birinin yaradıcısı və baş redaktoru Mahir Rüstəmli ilə söhbətləşdik...
- "Futbol+”in 20 il ayaqda qalmasının səbəbləri hansılardır və qəzetin bu qədər uzunömürlü olmasını gözləyirdinizmi? Bu dayanıqlığın təməlində nələr durur?
- Düzü, mənə gözləyib-gözləməmək məsələsi ilə bağlı mülahizə yürütmək çətindir. Təbii ki, hər bir işə başlayan adam öz layihəsinin uzunömürlü olmasını istəyər. Bu, qeyri-şərtsiz belədir. 1997-ci ilin oktyabrında bu işə başlayanda və ətrafıma bir neçə gənc oğlan və qızları, reportyorları yığanda, hədəflərim var idi. Desəm ki, nəyisə təsəvvür etmirdim və irəlini görmürdüm, bu, bir qədər yersiz təvazökarlıq olar. Dərk edirdim ki, artıq bir qəzet sovet ideologiyasının əksinə, "Sağlam bədəndə sağlam ruh olar” fəlsəfəsindən, təbliğat işinin bir parçası olmaqdan qırağa çıxmalıdır. Qəzetin funksiyasının əslində nələrdən ibarət olmasının vacibliyini yaxşı bilirdim. Yubiley çərçivəsində qəzetimizin ilk saylarına baxıram. Çox maraqlıdır ki, qəzet nəşr olunmağa başladığı ilk saydan etibarən bütün oyunlara reportyor göndərib. Bu, həmin dövr üçün inqilabi qərardır. 1997-ci ildə Azərbaycan çempionatı və ölkə kuboku, demək olar ki, heç kimi maraqlandırmayan yarışlar idi. Amma mən öz reportyorumuz çatışmasa belə, matçlardan birini Altay Əliyevdən, birini Zəki Feyzullayevdən, bir başqasını da İlqar Rəsuldan xahiş etmişdim. Qalanları da öz qüvvələrimiz – Rövşən Sultanov, Vüsal Mahmudov və mənim boynumda idi. Nəticədə bütün qarşılaşmalarda reportyorların iştirakını təmin etmişdik. Bu, həmin dövr üçün çətin məsələ idi. Həftədə bir dəfə işıq üzü görən qəzetin bütün görüşlərə reportyor göndərməsi qeyri-adi qərar idi. Uzunömürlü olmasının səbəblərinə gəlincə, bu barədə düşünmüşəm. İlk növbədə, onu qeyd edim ki, "Futbol+”i digər qəzetlərdən fərqləndirən nə oldu. Biz sistem əsasında işə başladıq və müəyyən sabitliyi qoruduq. Məsələn, bəzi qəzetlər işıq üzü görür, sonra ya ayda 1-2 dəfə çıxır, ya da fəaliyyətini dayandırırdısa, "Futbol+” sabit şəkildə hər həftənin çərşənbə günü çıxırdı. Get-gedə ictimai tələbat artdı. Gördük ki, qəzetin həftədə 1 dəfə, özü də 8 səhifə ilə çıxması azdır. Camaat özləri tələb etdilər ki, qəzeti böyüdün, səhifə sayını və dövriyyəsini artırın. Qəzet böyüməyə başlayırsa, təbii ki, kollektiv də böyüyür, texniki imkanlar artır. Başlanğıcda bir otağa sığınırdıqsa və "Hürriyyət” qəzetinin idman əlavəsi olaraq, reportyorlarımız orda da öz yazılarını yığdırmaq üçün operatorlardan xahiş edib, növbəyə dururdularsa, artıq böyüdükcə, texiniki imkanlar da artdı. Əvvəl 1 kompüter və 1 operator xanım vardısa, sonra 2 oldu və belə-belə qəzet böyüməyə başladı.
- "Futbol+”in ilk sayından etibarən bütün matçlara reportyor göndərdiyinizi qeyd etdiniz. Lakin həmin dövrdə oxucuların əsas tələbatı xarici futbola idi və qəzet daha çox buna görə alınırdı. Bu fikirlə razısınız?
- "Futbol+”in xarici futbolu təməl seçərək ayaqda qalması fikri ilə razı deyiləm. Amma həqiqətən ilk dövrlərdə xarici futbol daxili ilə müqayisədə bir qədər üstünlük təşkil edirdi. Bu nisbət bizdə futbol inqilabı başlayana qədər qorundu. Lakin Azərbaycanda futbol çiçəklənməyə başlayanda vəziyyət dəyişdi. Mən bu cür olacağını bilirdim, görürdüm. Çünki bu mərhələni Rusiyanın "Sport-Ekspress” qəzeti də yaşamışdı. Onlarda da xarici futbol üstün idi. Lakin get-gedə yerli futbol ön plana keçdi. İndi baxın, dünya idmanına 2-3 səhifə həsr edirlər. Biz hələ öz idmanımıza münasibətdə onlar qədər səxavətli deyilik. Düzdür, bizdə də xarici idman 10-cu səhifədən başlayır. Bir qədər də inkişaf olarsa, doğrudan da idman ölkəsi imicimizi möhkəmləndirəriksə, bu, başqa məsələ. Mənim üçün idealda xarici idmana 2-3 səhifə ayırmaq da bəs edir. Qəzetimizə deviz "Vətən idmanı və idmançıları ilə ucalsın!” seçmişiksə, hədəf bu cür olmalıdır.
- Düşünmürsünüz ki, Azərbaycan çempionatının yaxşı günləri geridə qaldı və irəlidə bizi ən azı bir neçə il böyük rəqabətin, intriqanın olmayacağı yarış gözləyir? 2005 - 2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramının başa çatması ilə enişin yaşandığını söyləmək olar?
- Hesab edirəm ki, enişlə bağlı mülahizələr komanda sayı ilə bağlı qurulub. Çempionatda cəmi 8 komanda mübarizə aparır. Lakin məsələnin başqa tərəfi də var. Son illər davamlı olaraq, Avropa Liqasının, indi isə Çempionlar Liqasının (ÇL) qrupuna düşürük. Axı, bu da nəticədir.
- Həm də təzaddır...
- Təzad olsa da, nəticə var. ÇL dünyanın ən nüfuzlu klub turniridir və orada Azərbaycan komandasının görünməsi böyük uğurdur. Hesab edirəm ki, ölkə çempionatında 8 güclü komanda 12-13 ortabab kollektivdən daha yaxşıdır. Bildiyim qədərilə növbəti mövsümdə 10-12 komanda olacaq. Bu sayda bir-biri ilə rəqabət apara biləcək komandanın yer alacağı çempionat daha yaxşıdır, nəinki gücləri eyni olmayan 14 klubun iştirakı.
- "Futbol+”in popluyarlaşmasında Azərbaycan çempionatındakı yüksəlişin də rolu olub. Bu gün "Xəzər Lənkəran”, "Bakı” kimi klubların böyük səhnədən çəkilməsi qəzetinizin oxucu sayına təsir edib?
- Təbii ki, "Xəzər Lənkəran”ın varlığı xeyli oxucu demək idi. Klub çəkilirsə, oxucu sayı da azalır. Nə vaxtsa qayıdacağına ümid edirik. Amma bir şey də deyim. "Xəzər Lənkəran” 2004-cü ildə yaradılıb. Buna qədər də "Futbol+”in 7 illik həyatı vardı, qəzet bu müddət ərzində özünə oxucu toplamışdı. Kifayət qədər normal auditoriya vardı. "Xəzər Lənkəran” gəldi, sağ olsun, oxucu artırdı. Xüsusən də "Xəzər Lənkəran” – "Neftçi” rəqabətini qeyd edərdim. Məhz "Futbol+” bu komandaların duelinə "Böyük oyun” adı verdi. Bu gün də hamı, ilk növbədə, onu istinad nöqtəsi göstərir. "Neftçi” – "Qarabağ” və ya "Qarabağ” – "Qəbələ” qarşılaşmalarında o dəqiqə gözlər "Böyük oyun” axtarır. Bu ifadəni də, onun ətrafındakı ajiotajı da yaradan "Futbol+”dir. Tutaq ki, cənublu azarkeşlər qaz və ya ördəyin üzərinə "Neftçi”nin rənglərini çəkirdilər, "Neftçi” fanatları boranı nümayiş etdirirdilər, qarşılıqlı olaraq atmacalar vardı. Həmin oyunlardan biri Tofiq Bəhramov adına Respublika stadionunda 25 min auditoriya toplamışdı.
- "Futbol+” 20 il ərzində hansı qəzet və saytlarla rəqabət aparıb?
- Bilmirəm necə deyim. Bu, bir qədər qeyri-təvazökar fikir olar. Mənə elə gəlir ki, onlar daha çox bizimlə rəqabət aparıblar. "Çempion” qəzetinin baş redaktoru Ürfan Məmmədli bir neçə məclisdə özü etiraf edib ki, biz ha qovuruqsa, siz qaçırsınız, çata bilmirik. Bu müddətdə bir neçə qəzet olub. "Qol” vardı, indi "Futbol+qol” mövcuddur. Lakin bizə ən ciddi rəqabəti "Het-trik” qəzeti təklif edib. Bu da onunla bağlı idi ki, işçiləri sabiq "Futbol+”çilər idilər. Təbii ki, onlar mənim məktəbimi keçmişdilər. Bilirdilər ki, harda nə etmək olar. Bir qədər dozasını artırmaqla, öz istedadlarından irəli gələn yaradıcılıq elementləri də qatmaqla bizə ciddi rəqabət təklif edirdilər. Lakin çox təəssüf ki, axıra qədər getmədilər. Onu da deyim ki, bir çox işçimizə artıq pul təklif etməklə buradan aparmışdılar. Hətta bəziləri razılaşmamışdılar ki, heç vaxt "Futbol+”dən getmərik. Həmin adamların da kimliyini bilirəm.
"Bu gün dükanlarda qəzetləri küncə bir ögey övlad kimi qoyublar”
- "Futbol+”in bir idman qəzeti olaraq, bu gün meydanda tək qalmasının səbəbi nədir?
- Hazırda bütün dünyada tendensiya var: elektron media çap mediasını sıxışdırır. Lakin bizdə daha sərt şəkildə gedir. Bunun da əsas səbəblərindən biri ənənəvi yayım firmalarının sıxışdırılılaraq sıradan çıxarılmasıdır. Əsas funksiyası kommersiya obyekti kimi fəaliyyət göstərmək olan, daha çox istehlak məhsullarının satışı ilə məşğul olan dükanlarda qəzetləri küncə ögey övlad kimi qoyublar. Buna rəğmən, Azərbaycanda müəyyən bir qəzet bazarı var. Xüsusən də qəzet hansısa səbədən satışa çıxmayanda və ya gecikəndə, o dəqiqə oxucuların reaksiyasından bunu hiss edirəm. Biz bazar ertəsi sayımızı heç Sumqayıta çatdıra bilmirik. Bu, bizdən asılı deyil. Heç bir yayım firması bunu boynuna götürmür. Özümüz də elə bir sistem formalaşdıra bilmirik ki, qəzetlərin bölgələrə çatdırılmasını təmin edək. Bir də qəzet oxuma ənənəsi məsələsi var. Bizə adətən Türkiyəni misal gətirirlər. Orada əksər ailələr günə qəzet oxumaqla başlayır. Amma siz mənə Azərbaycanda 100 ailə göstərin ki, bu cür etsin.
"Qəzet kütlədən bir qədər yuxarıda dayanmalıdır”
- "Futbol+”in zamanla ayaqlaşmaq üçün nə kimi planları var?
- Çox yaxın gələcəkdə qəzet və sayt arasında bir optimal variant tapacağıq. Elə edəcəyik ki, bir-birilərinə kömək olsunlar və oxutdursunlar. Qəzetdə ya ancaq özəl xəbərlər olacaq, ya da təhlili yazılar. Qəzetin üstünlüyü odur ki, hansısa problemə 5-6 yazı-məqalə həsr edə, fərqli yönlərdən yanaşa bilər. İlin sonuna qədər bu yöndə real addımlar atacağıq.
- Hazırda daha çox analitik yazıya ehtiyac var, yoxsa özəl xəbərə?
- Burada gəlib oxucunun formalaşdırılması məsələsinə çıxırıq. Fikrimcə, heç bir halda ictimai rəyin arxasınca qaçmaq düzgün deyil. "Futbol+” yaranan gündən ictimai rəyi yönəltməyə üstünlük vermişəm. Qəzet kütlədən bir qədər yuxarıda dayanmalıdır. Qəzetdə özəl xəbər olmalıdır. Bu, qeyd-şərtsizdir. Operativlikdə saytlara uduzuruqsa, ən azı özəl xəbərdə qabaqlamalıyıq. Saytların maksimum 4 reportyoru varsa, bizdə 10 reportyor var və üstəlik, kənardan xeyli yazılar gəlir. Bu imkanlarla özəl xəbərlərlə yanaşı, analitik yazılar da olmalıdır. Demirəm ki, 10-12 min işarəlik olsun. İnsanlar bu həcmdə yazıları oxumağa həvəsli deyillər. Telekanallar və saytlar o qədər şou-biznesi, bayağı məhsulları təfəkkürə yeridiblər ki, nə qədər ciddi məqalə versəm də, bunu qəbul etməyəcəklər. Ona görə də təhlili yazıların 5 - 8 min işarəlik olması kifayətdir.
"Futbol+” bir Azərbaycan məhsuludur”
- Arzularınızdan biri telekanal yaratmaq olub. Hazırkı şərtlərdə bunu qəzetinizin sayt versiyasında da edə bilərsininiz. İnternet televiziyası və ya video materialların hazırlanması planlarınıza daxildir?
- Bəli, planlarımızda bu da var. Həmçinin, mobil telefonlar üçün "Futbol+”in tətbiqini də istifadəyə verəcəyik. Hər nə ediriksə, əsas məqsəd odur ki, "Futbol+” yaşamalıdır. MDB məkanında Rusiya, Ukrayna və Azərbaycanda "Futbol+” çapında qəzet var. Burada hamımızın əməyi olub. Lakin ümumilkdə Azərbaycanın məhsuludur. Ölkəmizin idman mətbuatının mənafeyi baxımından bu qəzetin yaşamasına çalışmalıyıq.
- Bu gün idman mediası böyük ölçüdə futbol klublarından, indiki halda "Qarabağ” və "Qəbələ”dən gələn reklam pulundan asılıdır. Bəs, "Futbol+”də bu asılılıq nə dərəcədədir?
- Açıq danışacağam, gizlətməli bir şey yoxdur. Saytlar üçün həmin iki klubun verdiyi pul kifayət qədər normal məbləğdir. Amma qəzet üçün çox aşağıdır. Qəzetlə saytın xərcləri heç müqayisəyə gəlməz. Bəli, büdcəmizin müəyyən hissəsini formalaşdırır və buna görə hər iki kluba minnətdarlığımı bildirirəm. Biz azad reklam bazarının olmasında maraqlıyıq. Onda "Futbol+”in 16 səhifəsinin hamısını rəngli nəşr etmək olar. Həmçinin, əlavə buraxılışlar edərik. Məsələn, uşaq liqaları var. Həmin liqalarda yarışlar keçirilən zaman əlavə 2 - 4 səhifə qoyaram. Biləcəyəm ki, əlavə reklam gələcək, onun xərclərini qarşılayacaq. Ancaq bu gün onu edə bilmirəm. Bir səhifədə quru statistika versəm, oxucu o qəzeti almayacaq.
- Aşağı liqaların bir çoxunun adı sponsorlarla bağlıdır. Məsələn, Bakcell U-17 Liqası və ya Boulevard Hotel U-15 Liqası. Dediyiniz məsələ ilə bağlı bu sponsorlara müraciət etmisiniz? Normalda məsələn, "Bakcell” "Futbol+” ilə bu yöndə əməkdaşlığa maraqlı olmalıdır...
- Hesab edirəm ki, AFFA bu işdə vasitəçi olmalıdır. Biz futbolun təbliğində maraqlıyıq. Çünki bizə də sərf edir. Həmin komandaların futbolçuları, yaxınları oxucumuz olacaqlar. Belədə doğrudan da futbol mühiti formalaşacaq. Kağız üzərində futbolçuların sayının 120 min və ya 130 minə çatması kimi olmayacaq. Bu təbliğin qarşılığında müəyyən reklam da olsa, yaxşı olar.
- Azərbaycan futbolunun təbliğində, bir çox oyunçuların, məşqçilərin, rəsmi şəxslərin tanınmasında və onların formalaşmasında "Futbol+”in əvəzsiz rolu olub. Bir çox adama məhz qəzetinizin mətbuata danışmağı öyrətməsi fikri ilə razısınız?
- Əlbəttə, razıyam və buna da çox sevinirəm. Bu gün bizimlə yanaşı, 30-40 sayt da var. Təbii ki, onlar da bizimlə birgə hər gün futbol təsərrufatından olan şəxslərə müraciət edirlər. Bu da onların danışıq vərdişlərinin formalaşmasına çox kömək olur. Futbolçu görəndə ki, qarşısındakı jurnalist savadlıdır, terminlərlə danışır, o da buna uyğunlaşmağa çalışır. Düzdür, kabinet jurnalistikası, canlı ünsiyyətin azalması bu prosesə mənfi təsir göstərir. Amma ümumilikdə mətbuatın bu məsələdə böyük rolu var.
- Nə vaxtsa "Futbol+”dən getməyi düşünmüsünüz?
- Tərəddüdlər olur. Bu da yaradıcılıqdan daha çox, digər məsələlərlə bağlıdır. Məsələn, Tağı Əhmədovun vaxtında "Futbol+”i də siyasi qəzetlərin gözünə qatıb metroda satışına qadağa qoymuşdular. Prosesə təsir də edə bilmirdim. Çüki həmin vaxt qəzetimizin təsisçisi Vüqar Məmmədov həbs edilmişdi. Bu vəziyyətdə bütün işlərin öhdəsindən gəlmək fiziki cəhətdən də mümkü deyildi. Belə problemləri görəndə tərəddüd etmişəm. Fikirləşmişəm ki, bu kollektivi vəziyyətdən necə çıxaracağam, maaşı necə ödəyəcəyəm. Qəzeti satılmağa qoymurlarsa, uşaq gəlb sabah pul istəyəndə ona nə cavab verəcəyimi düşünmüşəm. Metro bizim əsas satış nöqtəmiz idi.
"AFFA və ya klubda çalışmaq ruhuma uyğun deyil”
- Nə vaxtsa AFFA və ya klublarda çalışmağı düşünmüsünüz? Ümumiyyətlə, bu yöndə təkliflər olub?
- Özümü bu yöndə görmürəm. Orada münasibətlər bir qədər başqa xarakterlidir. Daha çox tabeli, müəyyən bir çərçivədə olan münasibətlərdir. Bu da mənim ruhuma uyğun deyil. Əvvəlcədən azad yaradıcı mühit yaratmağı və orada çalışmağı qarşıma məqsəd qoymuşam. Lakin onu da deyim ki, "Futbol+”də əbədi deyiləm. Günlərin birində buradan getmək istəyərəm. Daha yeni, rəngli ideyalara malik, xaricdə təhsil almış biri gəlsin, öz fikirlərini tətbiq etsin. Bəlkə də qəzeti daha irəli apara bilər. Mahir Rüstəmlinin əbədi "Futbol+”də qalacağını düşünmək gülməli olar. Bu, mənim üçün qəbul olunan baxış deyil. Xoş günlərin birində "Futbol+”də olmayacağam.
- Özünüz üçün gedəcəyiniz istiqamət müəyyənləşdirmisiniz?
- Bütün hallarda özümü jurnalistikada görürəm. Lakin bir qədər daha böyük çapda. Bir azad jurnalistika mühiti istəyirəm və orada daha çox profilli bir qəzetinin başçısı olmağı düşürəm. Və ya xüsusi bir imici olan azad bir telekanalı idarə edənlərdən biri olmaq istərdim.
- Bu illər ərzində "Futbol+”i məhkəməyə verənlər də az olmayıb. Ən böyük təzminatı kim tələb edib?
- Bizdən təzminatdan daha çox təkzib verməyi tələb ediblər. Onlar da bilirlər ki, jurnalistdən pul tələb etmək pis haldır. Məsələn, Əbülfəs Qarayev gənclər, idman və turizm naziri olan vaxt bizi, konkret olaraq İlkin Xəlilovu məhkəməyə vermişdi. Həmçinin, hazırda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, sabiq hakim Elçin Məmmədov, "Neftçi”nin sabiq vitse-prezidenti İlqar Quluzadə və s. şəxslər "Futbol+”i məhkəməyə veriblər.
- "Futbol+”ə rəhbərlik etdiyiniz dönəmdə sizə hədə-qorxu gələnlər olub?
- Davalarımız olub. Məsələn, Faiq Cabbarov haqda nəsə yazmışdıq. "İnturist” otelində yerləşmişdilər. Ora getdik, başladı üstümə hücum çəkməyə, qəzeti cırmağa. Birtəhər sakitəşdirdilər. Elə olub ki, AFFA-nın mərhum prezidenti Fuad Musayev mənim Gəncə stadionundan çıxarılmağıma nail olub. Hansısa yazıdan naraz idi. Orada klub rəsmilərinə məni arenadan çıxartmağı tapşırmışdı. AFFA-ya buraxılmadığım vaxtlar da olub. Amma mən bunları yaradıcılıq prosesinin tərkib hissəsi kimi görürəm. Nə biz hamı ilə, nə də hamı bizimlə dost olmağa borclu deyil. İnformasiya işi ilə məşğulsansa, kiminsə marağına toxunacaqsan və belədə "qara siyahı”ya düşəcəksən.
"Bəzən kimlərsə xırda intriqanın nəticəsində qəzetdən gediblər”
- Bu günə qədər "Futbol+”də neçə nəfər reportyor çalışıb?
- Hesablamalarıma görə, 100-ə yaxın olub.
- Onlardan ən çox kimin getməsinə təəssüflənmisiniz?
- Hər biri üçün təəssüflənmişəm. Kifayət qədər güclü reportyorlarımız olub və əksəriyyəti də özlərini başqa yerlərdə təsdiqləyiblər. Bəzən kimlərsə xırda intriqanın nəticəsində qəzetdən gediblər. Mənimlə yox, sadəcə, kollektiv daxilində hansısa anlaşmazlıq olub. Məsələnin başqa tərəfi də var. Kapitalizimdə kim daha çox pul təklif edirsə, işçi də ora gedir. Bu prosesin əksinə gedə bilmərəm. Kimsə "Futbol+”in verdiyi puldan 50-100 manat artıq təklif etsə, getmək istəyən reportyorun qarşısını ala bilmərəm. Əvvələr düşünürdüm ki, bunun qarşısını almaq lazımdır. Sonra fikirləşdim ki, əsas bir üstünlüyüm var – jurnalist yetişdirə bilərəm. Lakin yenə də gedənlərə görə təəssüflənirəm. Xüsusən də seçim yolu ilə formalaşan birinci nəslimiz üçün. İlkin Xəlilov, Anar Şabanoğlu, Elşən Məmmədov, Elnur Məmmədli, Vaqif Heydərli və digərləri... İndi hiss edirəm ki, onlarla bizi bağlayan tellər daha güclüdür. Bu adamlar üçün "Futbol+” təmiz başqa dəyərdir. Bizim bir Elşad adında reportyorumuz vardı. Ona görə də çox təəssüflənirəm. O adam heç nəyə qurban getdi. Ölkədə qanuni çempionat dayanmışdı, müxaliflər alternativ birincilik təşkil edirdilər. Rəhbər olaraq dedim ki, biz qeyri-qanuni çempionatı işıqlandırmayacağıq. Çünki yarışın qalibi UEFA yarışlarına qatıla bilməzdi. Bu, bizə heç nə qazandırmırdı. Həmin Elşad bəy isə dedi ki, yox, mütləq işıqlandırmalıyıq. Burada fikirlər toqquşdu. Belədə mənim üçün çox dəyərli olan bir işçi prinsip məsələsi kimi qəzetdən getdi.
"Bizdə həmişə ədalət mühiti olub”
- "Futbol+”də jurnalistlərin yetişməsində hansı amil daha böyük rol oynayıb? Fikrimcə, burada gündəlik iclasların əhəmiyyəti daha çoxdur...
- İclasların da rolu var. Siz özünüz də burada çalışmısınız və bilirsiniz ki, bizdə heç vaxt baş redaktor – reportyor bölgüsü olmayıb. Bizim iclaslarda bəzən aşırı demokratiya olur, fikir mübadiləsi aparılır. Əslində, qəzet bu cür də olmalıdır. Bu gün də uşaqlara deyirəm ki, dəlillərini ortaya qoy, güclüdürsə, yazıda öz əksini tapacaq. Həm də bizdə həmişə ədalət mühiti olub. Uşaqlara yaradıcı azadlıq vermişik. Həmişə yaradıcı adamların naz-qəmzəsi ilə ayaqlaşmağa çalışmışıq.
"Bu, mənim təsəvvürümdə olan Media Komitəsi deyil”
- Bu gün həm də AFFA yanında Media Komitəsində təmsil olunursunuz, oranın rəhbərisiniz. "Futbol+”dəki demokratik ruhu ora daşımaq mümkün olub?
- Bunun üçün çalışıram, amma mümkün deyil. Çünki həmin adamları ora mən gətirməmişəm, seçki ilə olub. Bir nəfər isə AFFA tərəfindən təyin edilib. Orada da demokratik mühit olmasına çalışıram. Fikirlər toqquşmadan, müzakirə aparılmadan nəyəsə nail olmaq çətindir. Təbii ki, Media Komitəsi ilə "Futbol+” arasında ciddi fərq var. Çünki onlar özü də hərəsi bir qurumun rəhbəridir, öz kollektivləri var.
- "Futbol+” hər zaman təkliflərlə çıxış edən nəşr olub. AFFA və klublar bunların hansılarından bəhrələniblər?
- Bizim təkliflərimizi, xüsusən, Peşəkar Futbol Liqası nəzərə alıb. Buna görə onlara öz minnətdarığmı bildirirəm. Çempionatın təşkili və çatışmazlıqlarla bağlı təkliflərimiz olub.
- Media Komitəsinə təqdim olunan layihə yazılarında müxtəlif mövzulara toxunulur, problemlər qabardırılır, araşdırmalar aparılır. Həmin məqalələr əsasında davamlı olaraq Media Komitəsi tərəfindən AFFA və klublara təkliflər vermək olar?
- Dediyiniz məqam maraqlıdır və bizi də düşündürür. Əvvəl belə bir yol fikirləşdik ki, AFFA-nın saytında ayrıca link olsun və bütün yazılar orada yerləşdirilisin. Lakin bunun texniki cəhətdən mümkün olmayacağını dedilər. Ona görə də ya Media Komitəsinin özünün saytı olmalıdır, ya da kitapça şəklində nəşr edilib AFFA və PFL-ə təqdim edilməlidir. Yəqin ki, bunlardan biri seçiləcək. Düzdür, çətindir, bir az xərc lazımdır. Hesab edirəm ki, mütləq Media Komitəsinin ayrıca ofisi və ən azı bir katibi olmalıdır. Həmin şəxs müxtəlif işləri görməli, iclaslar zamanı gündəlikləri tərtib etməlidir. İndiki isə mənim təsəvvürümdə olan Media Komitəsi deyil. Komitənin fəaliyyətini gücləndirmək üçün əlavə təşəbbüslərə ehtiyac var. Mütləq əlavə 1-2 texniki işləri görəcək şəxs olmalıdır.
- Hazırda idman mətbuatındakı əsas çatışmazlıqlar hansılardır?
- Hesab edirəm ki, say kifayət qədər yüksəkdir. Xüsusən, sayt jurnalistikasında olduqca çoxdur. Fikrimcə, 30-40 yarımhəvəskar saytdansa, 10-15 ictimai rəyə təsir edə biləcək və hər birində 3-4 reportyorun yer aldığı saytlar daha yaxşı variant olardı. Media Komitəsi əldə olunan vəsaiti daha az sayda sayt arasında bölməklə daha yaxşı iş tələb edə bilər. Həmçinin, peşəkarlıqla da bağlı problemlər var. Bu da özünü bütün sahələrdə göstərir. İstər mətbuat konfranslarında, istərsə də beynəlxalq oyunlarda. Özlərinin ilkin funksiyalarını unudaraq, azarkeş kimi davranırlar. Bu yöndə özüm dəfələrlə müraciət etmişəm. Jurnalist olduğumuzu unutmamalıyıq. Oyunlarda hər kəsin öz marağı var. Bizim marağımız isə çəpik çalmaq deyil. Jurnalistlərin oyundan sonra təşkil edilən müsahibələrinin səs yazısını bir-birilərinə göndərmələri də acınacaqlı durumdur. İmkan daxilində bunu yoluna qoymağa çalışıram. Açığı, bunun öhdəsindən gəlmək çətindir. Hamımız yığılıb bir pakt imzalamalıyıq. Türkiyədə, Avropanın başqa ölkələrində belə bir praktika var. Bir-birimizin əməyinə hörmət etməliyik. Mətbuat konfransında və ya müsahibədə 3 nəfər olubsa, hamı onlara istinad etməlidir. Səs yazısı göndərmək 2017-ci ilin trendidir.
- İdman jurnalistlərinin işinə dəstək üçün nə kimi təklifləriniz var?
- Əvvəlki dövrlərlə müqayisədə jurnalistlərin iş şəraiti xeyli yaxşıdır. Açıq deyirəm, Bakı daxilində oyun üçün klubun jurnalistlərin matça gediş-gəlişini təşkil etməsini qəbul etmirəm. Bu, gülməlidir. Rayon olsa, başa düşərik ki, heç də hamının imkanı çatmır. Lakin Bakı daxilində oyuna aparılmağı ummağını, hətta bəzi jurnalistlərin buna sosial şəbəkədə status həsr etdiyini görəndə, xəcalət çəkirəm. Jurnalist hər şeyi klubdan tələb edirsə, bunun işinin-gücünün adı nədir? Məsələn, 4-5 jurnalist birləşib Zirəyə gedə bilər.
- Amma razılaşın ki, məsələn, "Zirə” klubu nəqliyyat təşkil etməsə, ora 10 yox, maksimum 3 həmkarımız gedəcək...
- Anladım. Amma biz niyə bu qədər asılı olmalıyıq? "Zirə” çempionatın iddialılarındandırsa, niyə 3 nəfər getməlidir? Ona görə ki, "Zirə” saytlara reklam vermir? Axı, bu, bizim işimizdir...
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir