
İslandiya milli komandası Azərbaycan və Fransa yığmaları ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarına ciddi itki ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, kapitan Orri Steynn Oskarsson zədə üzündən qarşıdakı görüşləri buraxacaq.
21 yaşlı hücumçu "Real Sosyedad"ın heyətində "Ovyedo"ya qarşı İspaniya La Liqasının III tur matçında zədələnib. Oyuna davam edə bilməyən forvard 56-cı dəqiqədə əvəzlənib.
Oskarssonun yığmadakı hər iki görüşü buraxacağı dəqiqləşib. Onun əvəzinə isə hücumçu yox, Yunanıstan "Volos"undan müdafiəçi Yortür Hermansson çağırılıb. Hermansson millidə 29 oyun keçirib.
Daha əvvəl keçmiş kapitanı Aron Eynar Qunnarssonun cəza üzündən Azərbaycanla oyunu buraxacağı açıqlanıb.
Qeyd edək ki, İslandiya Azərbaycan millisi ilə sentyabrın 5-də evdə, Fransa ilə sentyabrın 9-da səfərdə üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.