
Azərbaycanlı biznesmen Tufan Sadıqovun futbolla bağlı istənilən fəaliyyətinə qadağa qoyulması üçün FIFA-ya müraciət ediləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının (RFS) baş katibi Maksim Mitrofanov açıqlama verib.
Mitrofanov hazırda öz müraciəti əsasında Nizam-İntizam Komitəsində (NİK) klub rəhbərliyinin məsuliyyətə cəlb olunmasına dair iş açıldığını bildirib: "Bu işlə bağlı ayrıca element kimi cənab Sadıqova qarşı məsələyə də baxılacaq. NİK futbolla bağlı istənilən fəaliyyətə ömürlük qadağa qərarı çıxarsa, mən mütləq FIFA-ya müraciət edəcəyəm və bu qərarın bütün dünya futboluna şamil olunmasını istəyəcəyəm".
Sadıqovun sərmayəçisi olduğu "Ximki" klubu ötən mövsüm Rusiya Premyer Liqasında 12-ci yeri tutsa da, 2025/2026 mövsümündə elitada iştirak lisenziyası ala bilməyib. "Qırmızı-qaralar"ın qərardan verdiyi apellyasiya da rədd edilib. Bundan sonra "Ximki" fəaliyyətini dayandırıb. Klubun oyunçulara əmək haqqı borcunun olduğu bildirilir.
Hazırda azərbaycanlı iş adamının Türkiyənin I Liqasında çıxış edən "Serikspor" klubunun sərmayəçisi olduğu bildirilir.