1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Şehiç "Qarabağ"ın hədəfini açıqladı
"Madriddə "Atletiko” ilə heç-heçə etmək bir yana, ümumiyyətlə, hələ də Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyimizə inana bilmirəm. Yuxudan oyanıb, gözlərimi ovuşdururam. Bilmirəm bu realdır, yoxsa yox”.
Sportnet.az xəbər verir ki, bunu sportarena.hr saytına "Qarabağ”ın qapıçısı İbrahim Şehiç Çempionlar Liqasının (ÇL) qrup mərhələsində İspaniyada "Atletiko” ilə 1:1 hesablı heç-heçə barədə danışarkən deyib.
Bosniya və Herseqovina millisinin üzvü olan 29 yaşlı qolkiper hesab edir ki, "Roma”nın İtaliyada "Çelsi”ni 3 cavabsız qolla məğlub etdiyini nəzərə alsaq, "Qarabağ”ın "canavarlar”a 1:2 hesabı ilə uduzması əla nəticədir. Onun sözlərinə görə, Ağdam təmsilçisi Madriddə "Atletiko” ilə bərabərə qalmaqla dünyanın ən yaxşı komandalarına qarşı oynaya bildiyini göstərib: "Nə qədər irəli gedəcəyimizi bilmirik. Heç kim gözləməsə də, 3 matçı yüksək səviyyədə keçirdik. "Roma”nın "Çelsi” ilə 2 qarşılaşmada nələr etdiyini görəndən sonra italiyalılara 1:2 hesablı məğlubiyyətin əla nəticə olduğunu anlayırıq”.
İ.Şehiç "Qarabağ”ın ÇL-dəki hədəfini də açıqlayıb. O, deyib ki, Azərbaycan çempionu Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq: "Bütün tanınmış futbolçuları hər gün izləyirik, Antuan Qrizmann və ya Fernando Torresin kim olduğunu bilirik. Onlarda sirr yoxdur. Lakin hər matçdan əvvəl bütün rəqibləri analiz edirik, ən xırda detallara fikir veririk. Komandamızda iki aparıcı mütəxəssis var: biri bolqar, digəri ispan. Onlar baş məşqçiyə kömək edirlər. Meydana yaxşı kollektiv olduğumuzu dərk edərək çıxdıq. Özümü yaxşı tərəfdən göstərmək vacib idi. Artıq özümüzə tam əminik. "Qarabağ” Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq”.
Qeyd edək ki, 4 turdan sonra "Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin "Çelsi” komandasının 7, "Atletiko”nun 3, "Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək. (Report)