AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının evdə Almaniyaya 0:7 hesablı məğlub olduğu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, o, əvvəlcə oyunu dəyərləndirib...
- Bugünkü Almaniya millisi bir il əvvəl gördüyümüz komanda deyildi. Yaşar Vahabzadənin baş məşqçi olduğu vaxt səfərdə 1:3 hesabı ilə uduzmuşduq. Həmin oyunçuların 80 faizi indi əsas heyətlərdə oynayır. Məsələn, Leroy Sane hazırda ”Mançester Siti”də çıxış edir. Bugünkü Almaniya isə çox sadə, ağıllı futbol oynadı. Heç bir təzyiq olmadan qalib gəldilər. Bizim uşaqlar özlərini qiymətləndirmirlər. Bəlkə də özlərindən razıdırlar. Çox çalışmalıdırlar. Topa qarşı pis açılırlar. Oyunçular bir-biri ilə oynamaqda əziyyət çəkirlər. Rəqib isə çox sadə, düzgün futbol oynayır. Onların qarşılarını almaq üçün istək lazımdır. Biz o istəyi görmədik. Mən zəifəmsə, meydana niyə çıxıram? Oyuna çıxmışamsa, öz xarakterimi göstərməliyəm. Futbolçu gərək Azərbaycan formasının qiymətini gərək. Əsas məsələ budur. Hesabın böyük olmasına görə demirəm. Milliyə dəvət alan hər bir futbolçu fikirləşməlidir ki, o, Azərbaycanı qoruyur. Futbolçularda istək olmalıdır. Ürəkdən istəməlidirlər. Mən isə bunu görmürəm. Mübarizə də görmədim. Futbol elə bir oyundur ki, foks deyil. Burada ağıl lazımdır. Onlar çox sadə qollar vurdular. Bir hücumçu ilə 4 oyunçumuza qarşı qaldıqları vaxt da qol vurdular. Niyə?
- Ola bilərmi ki, Azərbaycan futbolçuları rəqibin adından çəkindilər?
- Razıyam. Amma indi Almaniya, İtaliya, İspaniya ilə oynamayaq? Ürəkdən oynamaq lazımdır. Hər bir futbolçu bunu fikirləşməlidir.
- Problem futbolçulardadır, yoxsa baş məşqçidə?
- Problem uşaq məktəbindədir, kökdən gəlir. Yarısından çoxu oynayır. Yüksək liqada oynayırlar. Limitə görə oynayırlar əslində. Mən limitin tərəfdarı idim. Futbolçu fikirləşsin ki, o oynayır, inkişaf edir. Amma kimsə limitə görə əsas heyətdə oynayırsa, bu faciədir.
- Limiti ləğv etmək lazımdır, yoxsa...?
- Nə vaxtsa bəlkə ləğv edə bilərlər. Amma indi yox. Futbolçularda limitə görə arxayınlıq yaranıb. Almaniya o Almaniya deyil. Mən o illəri görmüşəm.
- Komandada fərqləndirdiyiniz futbolçu var idi?
- Bizdə heç kim.
- Xarici futbolçuların milliləşdirilməsinə necə baxırsız?
- Mən 1993-cü ildən bunun əleyhinə olmuşam. Onun tərəfdarıyam ki, U-17-yə gələn əcnəbi U-21-ə qədər irəliləyəcəksə, gəlsin. Amma gəlir U-17-yə itib-batır. Niyə?
- Bu milliyə ümid etmək olarmı?
- Xeyr. Komandada dəyişiklik olmalıdır. Mən futbolçuların çoxunu tanıyıram. Onlarla xaricə çox getmişəm. Futboldan söhbət etmir, futbolla yaşamırlar. Bu, sənin sənətindir. Bunu inkişaf elətdirmək lazımdır. Nəyisə öyrənməlisən. Hər hansı bir yenilik tapmalısan. Ola bilsin, içərilərində istedadlı futbolçu da var, amma o da itib-batır.
- Qurban Qurbanovun işi çətin olacaq?
- Çoxları düşünür ki, Qurban Qurbanov gəlsin, hər şey düzələcək. Ona kömək lazımdır. Media da kömək etməlidir. Birinci siz. Mən 1993-cü ildə dedim ki, futbolumuzun inkişafının 50 faizi sizdədir. Düzgün, şəffaf qərar vermək lazımdır. İnkişaf görmək istəyiriksə, hamımız kömək göstərməliyik. Yerli məşqçi gəlib. İstəmişik. Lap yaxşı. Kömək edək.