1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Qəbələ"ni udmaq sensasiya deyil, 7-ci yer faciədir" - MÜSAHİBƏ
"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ" ilə keçirəcəyiniz Topaz Premyer Liqasının XII tur matçına hazırlıqlar necə gedir?
- Hazırlığımız normaldır. Noyabrın 8-dən məşqlərə başlamışıq. Zədəli futbolçularımız var. Bunlar Daniel Lukas Seqovia ilə Pavel Dreksadır. Hazırda onlar müalicə olunurlar. Daha 2 oyunçumuz - Elnur Cəfərovla Anton Krivotsyuk isə 21 yaşlılardan ibarət milli komandanın düşərgəsindədir. Qalan bütün futbolçular məşqlərdə iştirak edir. Bu ərəfədə komandanın fiziki vəziyyətini qaldırmaq üçün şans oldu. Fiziki durumu bir balaca yüksəltmək istədik. Bu günədək işimiz fiziki durumu yüksəltməkdən ibarət olub. Noyabrın 13-dən taktiki çalışmalar başlayacaq. Hələ ki, hər şey öz qaydasındadır. Elə də ciddi problemimiz yoxdur. Hər şey öz yolunda gedir.
- Sizin gəlişinizdən sonra "Neftçi" "Zirə”yə hər iki oyunda uduzdu. "Qəbələ”yə isə həm çempionat, həm də yoxlama matçında məğlub oldunuz. Uduzduğunuz oyunlardan hansı dərslər almısınız?
- Əvvəldən də demişəm ki, görüləsi çox işimiz var. Onu vurğulamışdım ki, qışa qədər xal ehtiyatımızı artırmağa çalışacağıq. Qışdan sonra, 3 - 4-cü dövrələrdə normal çıxışla nəyəsə nail ola bilərik. Görüləcək işimiz çoxdur. Qalib gəldiyimiz oyunlarda da etdiyimiz səhvlər üzərində işləyir, analiz edirik. Futbol isə səhvsiz mümkün deyil. Nöqsanlar üzərində işləyə-işləyə təkmilləşəcək, inkişaf edəcəyik. Komanda qol buraxandan sonra oyunu qalibiyyətə çevirmək ruhunda deyil. "Zirə” ilə matçda buna əmin oldum. İlk gələndədə komanda 2 top buraxdı, sonra 1 top vurdu. Oyunu çevirməyə güc çatmırdı. Psixoloji baxımdan çətinlik hiss olunurdu. "Qəbələ” ilə matçda da elə oldu. Biz 2 top buraxdıq, sonra 1 qol vurduq, amma yenə də oyunu çevirə bilmədik. İlk qolu biz vurduğumuz oyunlarda qalib gəlməyi bacarmışıq. "Zirə” ilə matçda 36-cı dəqiqədə top buraxandan sonra oyunu aqressivləşdirib, müsbət nəticə əldə edə bilmədik. Bu, belə bir komanda üçün böyük problemdir. Bu psixoloji səddi rahat keçməyin üzərində də çalışırıq. Çempionatda hələ çox oyunlarımız var. Qalan görüşlərdə top buraxdıqdan sonra daha aqressiv oyun sərgiləyərək, müsbət nəticə əldə etməliyik.
- Qış fasiləsində komandadan göndəriləcək müxtəlik oyunçuların adları hallanır. Əslində indiyədək meydana buraxdığınız heyətə əsasən, bu istiqamətdə müəyyən fikir yürütmək olar. "Zirə" ilə son oyunda iştirak ərizənizdə cəmi 18 oyunçu var idi. Əsl həqiqətdə kimlərlə yollarınızı ayıracağınızı müəyyənləşdirmisiniz?
- Pavel Dreksa, Fəhmin Muradbəyli və Daniel Seqoviyanı "Sumqayıt”la matç üçün əvəzedici heyətə göndərmişdik. Lakin Binə qəsəbə stadionunun ot örtüyü süni olduğundan, onlar əvəzedicilərlə görüşdən zədəli qayıtdılar. 2001-ci il təvəllüdlü Orxan Fərəcovu komandaya dəvət etdim. İstedadlı futbolçudur. Heyətdəki itkilər üzündən "Zirə" ilə görüşdə iştirak ərizəmizdə 18 futbolçu var. Kimin gedib, kimin qalması məsələsinə gəlincə, bu barədə rəhbərliklə geniş söhbətimiz olmayıb. Çünki indi çempionatın son 3 turuna köklənmişik. Belə məsələlər qış fasiləsində həll olunacaq. Bilirəm ki, mətbuatda "Tərlan Əhmədov bəzi futbolçuları oynatmır, onlar komandaya lazım deyil" kimi fikirlər gedir. Amma hələ bilinmir kim lazımdı, kim yox. Hər şey ola bilər. Hələ qəti qərar verməmişik. Rəhbərliklə oturub bu məsələni həll etməliyik. Elə futbolçu var ki, hələ onun müqaviləsi qüvvədədir. Dreksanın isə müqaviləsi artıq bitir. Bu, elə bir məsələ deyil ki, mən onu indi deyim, rehbərlik isə icra eləsin. Klub prezidenti var. Oturub, onunla məsləhətləşib, ortaq məxrəcə gəlməliyik. Kimin gedib, kimin qalacağı artıq onda bilinəcək. İndiki halda hələ ki, heç bir qərar qəbul olunmayıb.
- Bəs qış planınız məlumdur?
- Bu məsələdə də dəqiq deyəcəyim bir söz yoxdur. Elə məsələlər var ki, rəhbərlik səviyyəsində həll olunur. Yəqin ki, yaxın günlərdə rəhbərlik bu barədə açıqlama verəcək.
- Antalyaya yollanmağı nəzərdə tutmusunuz?
- Ola bilsin. Tam dəqiq deyə bilmərəm. Otel məsələsi, oyunlar var. Bunlar öz həllini tapandan sonra deyə bilərik ki, Antaliyaya gedirik. Hansısa vaxtda oyunlar olacaq. "Gedirik" sözü ilə iş bitmir.
- "Qəbələ” ilə matçda "Neftçi”dən sensasiya gözləyə bilərikmi?
- "Neftçi” üçün heç bir şey sensasiya sayılmamalıdır. Komanda üçün o sensasiya sayılır ki, 7-ci yeri tutur. Son pillələrdə qərarlaşır. Bu, "Neftçi” üçün faciədir. "Neftçi”nin tarixi var. "Qəbələ”ni məğlub etməyimiz sensasiya sayılmamalıdır. Mən onu xoş qarşılamıram. Biz sadəcə, öz oyunumuzu rəqibə təqdim edəcək və çalışacağıq ki, 3 xal əldə edək. Qarşıda bizi ağır oyunlar gözləyir. Hələ yolun başlanğıcındayıq. Bu, yolun nə ortası, nə də sonudur. Bu müddətdə də bizi ağır oyunlar gözləyir. Ortada ağır maneələr var. Rəqiblər də artıq güclüdürlər. Çalışacağıq ki, öz meydanımızda qalib gələk. Bunun üçün ələmizdən gələni edəcəyik.
- Mətbuatda mükafat məsələsi də müzakirə olunur. Udduğunuz 4 oyuna görə mükafat verildimi?
- Mətbuatda bəzi yazılar dərc olunur ki, Tərlan Əhmədov mükafatları cibindən verib. Hamısı yalandır. Verilib-verilməyəcəyini rəhbərlikdən soruşsanız, daha yaxşı olar. Heç biri bizdə problem deyil. Nə maaş, nə də mükafat sarıdan problem var. Mükafat verilir, burada gizlədiləsi bir şey yoxdur. Amma "Tərlan Əhmədov cibindən verib" kimi ifadələr yalandır. Hər şey öz qaydasında gedir.