"Zirə"nin yarımmüdafiəçisi Vüqar Mustafayevin Sportnet.az-a müsahibəsi.
- Növbəti turda "Keşlə” ilə qarşılaşacaqsınız. Hazırlıqlar necə gedir?
- Hər şey yaxşıdır. Keçən həftə fasilədən istifadə edib "Qəbələ” ilə yoldaşlıq oyunu keçirdik. Bu həftə isə "Keşlə” ilə oyunun hazırlıqlarını davam etdirdik. Həftəsonu bizi çox ağır oyun gözləyir.
- "Zirə” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səncə, komandanı bu mövsüm neçənci yer qane edər?
- Hazırda komandanın bir hədəfi var. O da çıxdığı heç bir oyunda məğlub olmamaq. Çempionatın elə bir dönəmidir ki, qazanılan hər bir xal qızıla bərabərdir. Ona görə hədəfimiz qarşıdakı oyunlara maksimum konsentrasiya ilə çıxmaq və lazım olan nəticəni əldə etməkdir. İndidən nəsə demək tez olar.
- Gənc futbolçu olsan da, "Qarabağ"da belə çıxış etmisən. Özünü gələcəkdə daha hansı yüksək səviyyəli komandada görmək istərdin?
- Hazırda "Zirə”də çıxış edirəm. Komanda 3 ildir Premyer Liqadadır və ildən-ilə pillə-pillə irəliləyir. "Zirə” artıq iddialı klubdur. Burada xoşbəxtəm. Rəhbərlik, məşqçilər, texniki heyət, futbolçular, bir sözlə, hər kəs işinə peşəkarcasına yanaşır. Nəticədə komanda bu gün ikinci pillədədir. İldən-ilə "Zirə”nin daha iddialı olub Azərbaycan futbolu üçün yaxşı nəticələr göstərəcəyinə inanıram. Mənim çıxış etdiyim komanda çempionatda iddialı klublardan biridir.
- Milli komandaya Qurban Qurbanov rəhbətlik edəcək. Sənin də bu barədə fikirlərin maraqlı olar...
- Qurban müəllimin "Qarabağ”da gördüyü işlər göz qabağındadır. Millimiz də ildən-ilə inkişaf edir. Son seçmə mərhələdə bunun şahidi olduq. Qurban Qurbanovun gəlişi bu inkişafın daha da yaxşı olmasına səbəb olacaq. İndi bütün futbolçular milliyə dəvət olunmaq üçün əllərindən gələni edəcəklər. Bunun özü də inkişafın başlanğıcı olacaq. Qurban müəllim "Qarabağ”la əldə etdiyi uğurlu nəticələri milli komandamızda da göstərəcək.
- Öz oyununu milliyə layiq görürsənmi? Sənin fikrincə, Qurban Qurbanov sənə şans verəcəkmi?
- "Qarabağ”da çıxışım elə də uğurlu alınmayıb. Özümü orda yaxşı tərəfdən göstərə bilmədim. Bu da öz günahımdır. Milli komandaya gəlincə, o formanı hər kəs kimi mən də geyinmək istəyirəm. Belə məsələlərə məşqçilər heyəti qərar verəcək. Mən milli komandada oynamaq üçün çox çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm.
Təbriz QULİYEV