"Zirə"nin futbolçusu Riçard Qadze evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Narazı görünürsünüz. Bu, hakim qərarlarından, yoxsa məğlubiyyətdən irəli gəlir?
- İki fərqli hissə izlədik. Oyuna elə də yaxşı başlamamışdıq. Sonradan öz istəyimizi nümayiş etdirə bildik. Hakimliyə gəlincə, iki mübahisəli epizod oldu. Vüqar Mustafayevin mənə göndərdiyi ötürmədən sonra ofsaydın olub-olmadığı həqiqətən də müzakirə mövzusudur. Ümumilikdə pis oynamadıq.
- Oyunun əvvəllərində sanki rəqibdən çəkinirdiniz. Bunun səbəbi nə idi?
- Həqiqətən də bəzi futbolçularımızda panika yaranmışdı. Çünki rəqib "Qarabağ" idi. Bu komanda Çempionlar Liqasında mübarizə aparır. Lakin biz də hər oyuna xüsusi motivasiya, fərqli taktika ilə çıxırıq.
- "Qarabağ"a nə vaxtsa qalib gəlmək üçün xüsusi plan hazırlamısız?
- Haqlısınız. Amma futbolda hər şey baş verə bilər. Fikrimcə, keçmişdə buraxdığımız səhvləri düzəldərək, irəli baxmalıyıq. Gələcəkdə "Qarabağ"ı yenmə ehtimalımız var. Bu gün tarix yaza bilərdik. Amma təəssüf ki, hələ də bu komandaya qalib gələ bilməmişik.
- Oyunun sonlarında zədələnsəniz də, davam etdiniz...
- Futbol - komanda oyunudur. Həmin vaxt dayansaydım, bu, digər komanda yoldaşlarıma mənfi təsir edəcəkdi. Ona görə də mübarizəni davam etdirdim. Bu da komanda yoldaşlarıma bir siqnal idi ki, onlar da mübarizəni davam etdirsinlər.
- Son zamanlar mətbuatdan qaçmağınızda problem nədir?
- Jurnalistlərə hörmətim sonsuzdur. Həqiqətən də çox yaxşı iş bacarırsınız. Bu, müsahibə verməyi istəməməyimlə əlaqədar deyil. Sadəcə, hər oyundan sonra bir qədər yorğun oluram. Ona görə də bir qədər futboldan kənarlaşmaq istəyirəm. Ona görə də çalışıram ki, duş qəbul etdikdən sonra avtobusda oyunu yox, tam başqa şeylər barədə düşünüm.