İspaniyanın "Atletiko" klubunun futbolçusu Filipe Luis Çempionlar Liqasında "Qarabağ"la keçirdikləri oyunlardan sonra keçirdiyi hissləri etiraf edib. Sportnet.az-ın məlumatına görə, bu barədə braziliyalı müdafiəçi "Cadena Ser" radiosuna açıqlama verib.
32 yaşlı müdafiəçi deyib ki, Madriddə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmanın ardından gecəni yata bilməyib: "Mən səhər saat 8-də yuxuya getdim və 8:30-da ayıldım".
Təcrübəli oyunçu "Atletiko"nun Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmasının çox çətin olduğunu da vurğulayıb: "Əlbəttə, şansımız var. Amma "Atletiko"nun 16 ən güclü arasında olması çox çətindir".
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunda 5 turdan sonra 10 xalı olan İngiltərənin "Çelsi" komandası birinci yeri tutub və Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib. İkinci vəsiqə uğrunda 8 xala malik İtaliya "Roma"sı ilə 6 xalı olan "Atletiko" mübarizə aparır. Son turda "Roma" "Qarabağ"ı qəbul edəcəksə, "Atletiko" "Çelsi"nin qonağı olacaq. İspaniya təmsilçisi 1/8 finala yüksəlmək üçün İngiltərədə mütləq qalib gəlməli və "Roma"nın xal itkisinə ümid etməlidir. Filipe Luis 2014-2015 mövsümündə "Çelsi"də çıxış edib.