Vüqar MƏMMƏDOV
Bu hal daha çox dövlət qurumlarında müşahidə olunmaqdadır. Xüsusən, son zamanlar "Gedənlə birgə onun qohumları, yaxın adamları da gedir" tendensiyasını izləmək çətin deyil. Bənzər hadisə ötən gün futbolda da baş verdi. "Kəpəz"in yeni baş məşqçisi Yunis Hüseynov özündən əvvəlki Şahin Diniyevin dövründə transfer olunmuş 8 futbolçu ilə vidalaşdı. Onlardan biri isə Hüseynovun sələfinin oğlu Kərim Diniyev idi...
İndi bir sual maraqlıdır: Kərim Diniyev "Kəpəz”dən niyə göndərildi: Atasına, yoxsa oyununa görə?
Şahin Diniyev intellaktual cəhətdən ağıllı, düşüncəli, dünya görüşü sarıdan zəngin adamdır. Bu baxımdan, övladının "Kəpəz”dəki çıxışına ailə-klan müstəvisindən yanaşıb oğluna "Mən ordan getmişəm, sən də Yunisə torba tik” kimi sözü heç vaxt deməz! Uzağı, bu sözləri deyər: "Sən peşəkar futbolçusan, komandada olub-olmamağım sənin oyununa təsir etməməlidir. Başını aşağı sal, oyununu göstər, yeni baş məşqçinin tapşırıqlarını bacardıqca yüksək səviyyədə yerinə yetirməyə çalış".
Ata Diniyev dar düşüncəli insan deyil. Özü belə olduğu üçün yəqin ki, oğlunu da bu ruhda tərbiyələndirib, böyüdüb. Bu səbəbdən, Kərim Diniyevin "Kəpəz”də baş məşqçinin ayağının altını qazma ehtimalı mümkünsüz görünür. O, "Kəpəz”in aparıcı oyunçularından biri idi. Bu səbəbdən, oğul Diniyevə zəif oyunçu demək olmaz. Belədə Kərimin məhz "Kəpəz”in əvvəlki baş məşqçisinin oğlu olduğu üçün göndərilməsi ehtimalı daha da çoxalır.
Bəs bu qərar, yəni Kərim Diniyevin göndərilməsi düzgün addım idimi, yoxsa yanlış? Mentatiletimizi və bir çox məsələləri nəzərə alsaq, bu addımı – istər Yunis Hüseynov göndərsin, istərsə də özü getsin – istənilən halda düzgün qərar saymaq olar. Çünki sabah Diniyevin oyunu təsadüfən alınmasa (futbolda belə hallar da olur), hamı başlayacaq şübhələnməyə. Bu, and-aman edəcək, o biri inanmayacaq.
Hər halda Kərim Diniyev zəif futbolçu deyil. Oyunu ilə bərabər atasının, qardaşının nüfuzu, futbol ictimaiyyətindəki əlaqələri ona yeni klub tapmağa yardım edəcək. Elə soyadının Diniyev olması kifayətdir ki, onunla maraqlansınlar. Artıq adının başqa komandalarla çəkildiyi də məlumdur.
Bu baxımdan Kərim Diniyevin "Kəpəz”dən ayrılmasını hər iki tərəf üçün düzgün addım hesab etmək olar.