"Neftçi”nin Azərbaycan millisinə dəvət alan 6 futbolçusundan 3-ü təəssüratlarını bölüşüb. Sportnet.az-ın məlumatına görə, Rəhman Hacıyev, Rəşad Əzizli və Anton Krivotsyuk klubun rəsmi saytına açıqlama verib.
Uzun müddət idi milliyə çağırılmadığını xatırladan Rəhman Hacıyev bu dəvəti hər futbolçu üçün böyük şərəf adlandırıb: "Baş məşqçi Tərlan Əhmədov mənə inandı və klubumda daim oynamaq şansı verdi. Formamı tam bərpa etdim və özüməinamım qayıtdı. Milliyə dəvət mənim üçün böyük stimuldur. Var gücümlə çalışacağam ki, etimadı doğruldub komandamıza faydalı olum. İnanıram ki, yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə böyük uğurlar qazanacağıq”.
Qapıçı Rəşad Əzizli milliyə dəvət aldığı üçün özünü xoşbəxt sayıb: "Ölkənin əsas komandasında debüt etmək şansı qazanmışam. Bu səviyyəyə çatmağımda klubumuzun, qapıçılar üzrə məşqçimiz Rauf Salamovun böyük zəhməti var. Mənə bu sevinci yaşadan insanların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.
Gənc müdafiəçi Anton Krivotsyuk isə karyerasının çətin dönəmində ona dayaq olan "Neftçi”yə minnətdarlıq edib. Krivotsyukun fikrincə, bu klub olmasaydı, milliyə dəvət almazdı: "Futbolçu kimi yetişməyim və milli səviyyəsinə yüksəlməyim "Neftçi”də çəkilən əziyyətin bəhrəsidir. Bu yerlərə gəlməyimdə klub rəhbərliyinin və illərdir mənim üzərimdə işləyən bütün məşqçilərimizin böyük əməyi var”.
Qeyd edək ki, "Neftçi"dən Azərbaycan millisinə çağırılan daha 3 futbolçu Ruslan Abışov, Emin Mahmudov və Məhəmməd Mirzəbəyovdur.