Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi" layihəsinin icrasına başlayır. İlk yazıda "Futbol adamı kimə deyilir” sualına cavab tapmağa çalışacağıq.
Futbol sektoru müxtəlif ixtisasdan olan şəxslərin cəmləşdiyi bir sahədir. Burada dövlət rəsmisi, iş adamı, məşqçi, futbolçu, maliyyəçi, həkim, masajçı, mühafizəçi, aşbaz və digər peşə sahibləri ortaq hədəflər uğrunda çalışırlar. Lakin ən böyük məsuliyyət rəhbər-idarəçinin üzərinə düşür. Həmin postu tutan şəxs üçün yalnız futbol biliklərinə malik olmaq kifayət deyil. Eynilə digər məsələlər barədə daha çox məlumatlı olub, futbol anlayışının məhdudluğu da müasir tələblərə uyğun gəlmir.
Bu sektorla bağlı tez-tez eşitdiyimiz bir ifadə var: "Filankəs futbol adamı deyil". Xüsusən də veteran futbolçular digər ixtisas sahiblərinin AFFA və ya klub idarəçiliyində yer almalarını doğru saymırlar. Hərçənd, müasir futbolda rəhbər-idarəçi funksiyasını yerinə yetirənlərin çoxu həvəskar və ya peşəkar karyerası olmayanlardır. Bu da idmanın bu növünün daha çox biznes sahəsi kimi inkişaf etməsindən və əsas postu tutacaq şəxsin böyük vizion sahibi olmasının vacibliyindən irəli gəlir.
"Bu sektor yalnız futbolçudan ibarət deyil”
"Sumqayıt” klubunun prezidenti Kamran Quliyev hesab edir ki, bu sektor yalnız futbolçudan ibarət deyil. Bura məşqçi, inzibatçı, həkim, masajçı, maliyyə meneceri, mühafizəçi, mətbuat katibi, marketoloq, sürücü və digər ixtisas sahiblərinin də daxil olduğunu vurğulayan funksionerin fikrincə, onların hamısı futbol adamı kimi qəbul edilməlidirlər: "Futbol bu şəxslərdən, həmçinin, bizdən ibarətdir. Hər klubda idarəçi fərqli postları tuta bilər. Prezident, vitse-prezident, icraçı direktor və s. Bu adamlar birgə işləməsələr, futbol olmaz. Futbol adamı sayılmayan fizioterapevt komandada olmasa, hansı peşəkar futboldan söhbət gedə bilər? Bu sektorda olan hər kəs futbol adamıdır”.
Klub rəhbəri deyir ki, idarəçi, ilk növbədə, insanları düz başa düşməli, onlarla düzgün rəftar etməlidir. Onun sözlərinə görə, rəhbər postu tutmaq üçün veteran futbolçu olmaq mütləq deyil: "Ən böyük məsuliyyət rəhbər-idarəçinin üzərindədir. Həm klubun, həm də əsas komandanın işini düzgün təşkil etməli, müxtəlif dövlət qurumları və media ilə münasibət qurmalıdır. Futbol ictimaiyyəti, hansı ki, bilir-bilmir, tanıyır-tanımır, hamısı bizdən danışır. Gərək hamı ilə dil tapa biləsən. Çox adam elə fikirləşir ki, futbol adamı olmaq üçün keçmişdə peşəkar səviyyədə futbol oynamalısan. Ancaq mən elə düşünmürəm. Futbol adamı bu idman növü ilə nəfəs alan, tapşırıqları yerinə yetirən və başqasının işina qarışmayan şəxsdir. Hər kəs öz işi ilə məşğul olmalıdır. Biri başqasının sahəsinə əl atanda qarışıqlıq yaranır”.
"Futbol idarəçiliyində təsadüfi insanlar çoxluq təşkil edir”
"Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov hesab edir ki, tək futbolda deyil, istənilən sahədə işini bilən, bacaran insanlar çalışmalı, sağlam rəqabət olmalıdır. Onun fikrincə, yalnız bu halda inkişafa nail olmaq mümkündür: "Azərbaycan futbolunda da tez-tez "filankəs futbol adamı deyil” kimi fikirlər səslənir. Bunlar əsassız da deyil. Futbol qurumları, klublarda təsadüfi insanlar çox olub, bu gün də var. Hətta elementar futbol qaydalarını bilməyənlərin rəhbər vəzifələrdə olduqlarını geniş ictimaiyyət bilir, görür. Futbol psixologiyası çox fərqli və dərindir. Bu sahənin içində yetişməyən, təcrübəsi olmayan insanlar çox böyük çətinliklərlə üzləşirlər. Futbola kənardan baxmaqla peşəkar futbolun incəlikləri arasındakı fərq ölçüyə gəlməzdir. Səriştəsiz rəhbəri məşqçi, futbolçu, menecer və digər futbolda çalışanlar asanlıqla aldada, uğursuzluqlara bəhanə gətirə bilirlər. Naşı, futbolu bilməyənlər onların qarşısında aciz qalırlar. Çox az sayda lider, iddialı məşqçilər və futbolun digər sahələrində çalışanlar bu yolu seçmir, uğur qazanırlar”.
Sabiq FİFA referisi səsləndirdiyi fikirlərə nümunələr də gətirir: "Hakim idarəçiliyinə bu sahədə təcrübəsi olanlar qiymət verə, inspektorluq edə, eyni zamanda Hakimlər Komitəsinə də hakimlik məktəbini keçmiş şəxslər rəhbərlik edə bilərlər. Elementar məntiq var: hakimlik incəliklərini bilməyən insan idarəçiliyə necə qiymət verə bilər?! Futbolda futbol adamlarının çox olması müsbət məqamdır. Eyni zamanda, bu, o demək deyil ki, belə olacağı halda işlər yolunda gedəcək. Hər futbolçudan yaxşı məşqçi çıxmadığı kimi, hər futbol adamı da yaxşı idarəçi olmaya bilər. Rəhbər, idarəçilik tam fərqli məsələdir və xüsusi bacarıq tələb edir. Yaxşı idarəçi ola bilərsən, amma futbolu bilmirsənsə, bu, son anda meydanda, nəticələrdə özünü büruzə verəcək. Eynilə futbol adamı olsan və əksinə, idarəçilik bacarığın olmasa, yenə də irəliləyiş baş verməyəcək. Bunlar bir-birini tamamlamalıdır”.
Süleymanovun fikrincə, çox vaxt sponsorları futbol idarəçiləri ilə səhv salırlar: "Futbola, klublara sərmayə qoyan insanlar biznesmen, vəzifə sahibləri ola bilərlər. Əsas məsələ odur ki, kadr seçimləri, rəhbər-idarəçilər yuxarıda qeyd etdiyim kriteriyalara cavab verməlidir. Bu baxımdan, Azərbaycan futbolunda çox böyük problemlər var. Futbol idarəçiliyində təsadüfi insanlar çoxluq təşkil edir. Bu hal bacarıqsız məşqçi, futbolçu və s. sərf edir. Diletantları istədikləri kimi "idarə" edə bilirlər. Obyektivlik naminə qeyd edim ki, futbol adamlarının çox az sayda olanları rəhbər, ümumi idarəçilik keyfiyyətlərinə malikdir. Təəssüf ki, bir çoxunun təfəkkürü "mən futbol adamıyam" düşüncəsindən o tərəfə keçmir. Rəhbər-idarəçi futbolu dərindən bilməklə yanaşı qətiyyəti, strateji, taktiki təhlil qabiliyyəti, kollektiv, ictimaiyyət, azarkeş, media ilə ünsiyyət mədəniyyəti, xarizması, nəticə qazanmaq iddiası, obyektiv tələbkarlığı, məşqçi, futbolçular arasında hörməti, davranışı ilə seçilməlidir”.
"İdarəçilikdə sırf futbolu bilən bir qolun olması vacibdir”
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif sadıqov isə hesab edir ki, klubu idarə etmək üçün futbolçu karyerasına malik olmaq mütləq deyil. Onun fikrincə, milli assosiasiyanın hazırkı strukturu bu baxımdan çox yaxşı nümunədir: "AFFA-nın atdığı addımlar bir daha sübut edir ki, idarəçilik yüksək səviyyədə olmalıdır. Hansısa qərarlar qəbul olunan zaman futbolu bilən şəxslərin də tövsiyyələrinin nəzərə alınması müsbət haldır. Digər ölkələrin praktikasına nəzər salsaq, federasiyaların idarəçiliyində peşəkarların yer aldığı qurumların olduğunu görərik. Məsələn, Rusiyada da mexanizm bu cürdür. Başqa bir misal kimi Qazaxıstan Futbol Federasiyasını göstərə bilərəm. Bu yaxınlarda federasiyanın Məşqçilər Şurasının tövsiyyəsi ilə əsas yığmanın baş məşqçisi Aleksandr Borodyukla əməkdaşlığın davam etdirilməməsi məqsədəuyğun sayıldı. Bunları deməkdə məqsədim bizim Məşqçilər Komitəsinin işini qabartmaq deyil. Mexanizmin necə olduğunu izah etməyə çalışıram. İdarəçilikdə sırf futbolu bilən bir qolun olması vacibdir”.
V.Sadıqov deyir ki, AFFA İcraiyyə Komitəsinin (İK) üzvlərindən 4-nün futbol adamı olması da müsbət məqamdır: "Mənimlə yanaşı, Kazbek Tuayev, İsgəndər Cavadov və Qurban Qurbanov İK-nın üzvüdür. AFFA prezidenti Rövnəq Abdullayev hər dəfə önəmli qərarlar qəbul olunmazdan öncə bizə müraciət edib və fikirlərimizi eşitmək istəyib. Daha sonra geniş müzakirələr aparılır və önəmli qərarlar qəbul olunur. Addımlar atılarkən, fərqli düşüncələrə malik insanların vəhdət təşkil etmələri çox yaxşı haldır”.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.