
"Ağır meydançada hələ yaxşı tanımadığımız yeni komandaya qarşı oynadıq".
Bunu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov səfərdə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
34 yaşlı mərkəz müdafiəçisi bildirib ki, xarakter göstərmək, sürətli, templi oynamaq vacib idi: "Birinci hissədə erkən qol vurduq, fasilədən sonra da ardını gətirdik. Yenə yaxşı qol imkanlarımız var idi. Ümumilikdə, uşaqlara işlərinin öhdəsindən gəldikləri üçün "afərin" deyirəm".
Hüseynov Çempionlar Liqasının Liqa mərhələsindən də danışıb: "Bu mərhələdə zəif rəqib yoxdur. Hamısı çətin komandalardır. Bir çoxu ilə artıq oynamışıq. Yaxşı kollektivlərdir, hazırlaşmaq lazımdır. Ağır və maraqlı oyunlar olacaq. Fikrimcə, biz bu matçlarda yaxşı oyun sərgiləyə bilərik".
Haşım MƏMMƏDOV