"Neftçi"nin yeni transferi Fransisko Qarsia "Kəpəz"i evdə 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib. Paraqvaylı yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Ümumiyyətlə, bu gün "Neftçi" istədiyi oyunu göstərə bildi?
- Məncə, bu, uzun yolun başlanğıcıdır. Hələ indi-indi addımlar atırıb. Növbəti oyunlarda istədiyimizi daha yaxşı yerinə yetirə biləcəyik.
- Komandada uyğunlaşma dövrünü keçə bilmisən?
- İlk növbədə, komandada yaxşı birlik var. Bundan əlavə, baş məşqçi ilk gündən mənə etimad göstərib. Çalışıram ki, buna meydanda cavab verim.
- Uzun yolun sonunda hansı nəticəni gözləyirsiniz?
- Hər oyunda artırmağa, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, qələbələri sıralamağa və hədəfimizə çatmağa çalışacağıq.
- Yoxlama matçında Rusiyanın "OİK-Xabarovsk" komandasına 1:8 hesabı ilə uduzdunuz. Karyeranızda belə məğlubiyyət yaşamışdınız?
- Xeyr, karyeram boyunca belə nəticə olmayıb. Amma futbolda bu cür hallar da baş verir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, öz üzərimizdə işləmək lazımdır.
- Yeni komandanızdan nə gözləyirdiniz və nəyi gördünüz?
- Gözlədiyimdən daha effektli futbol gördüm. Çünki bütün komandalar sonadək mübarizə aparırlar. Komandaların çoxunun səviyyəsi eynidir. Qarşıda bizi çətin yol gözləyir. Lakin bu yolda uğurla irəliləməyə çalışacağıq.
- Artıq çəkidən əziyyət çəkən forvardı qol epizodları ilə təmin etməyiniz sizə nə dərəcədə çətinlik yaradır?
- Hər bir futbolçunun öz oyun üslubu var. Mənim də üzərimə düşən odur ki, hücumçuları və irəlidəki oyunçuları ötürmələrlə təmin edim. Bu işi yerinə yetirirəm və bugünkü oyunda çətinlik görmədim.