Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həlli yollarının göstərilməsi" layihəsinin icrasını davam etdirir. Üçüncü məqalədə Topaz Premyer Liqasına marağın az olmasından, azarkeşləri stadionlardan qaçaq salan səbəblərdən bəhs edəcəyik.
Yaxınlarda sosial şəbəkədə belə bir elana rast gəldik: "Futbol komandasına azarkeşlik etmək üçün 70 nəfər adam lazımdır. 90 dəqiqəlik oyuna 5 manat veririk". Bu, Azərbaycan futbolunu yaxından izləyənlər üçün yenilik deyil. Əksər futbolsevərlərin daxili yarışlar zamanı tribunalardakı yerlərini muzdlu fanatlara vermələrindən illər keçib. Mövcud tablo günümüzün deyil, son illərin problemidir və zamanla daha da qəlizləşir.
Rəqəmlərin nüfuzuna kölgə saldığı Premyer Liqa
Topaz Premyer Liqasındakı azarkeş qıtlığının nə dərəcədə faciəvi olduğunu anlamaq üçün rəqəmlərə göz gəzdirməkdə fayda var. Məsələn, 2016/2017 mövsümündə 28 turda baş tutan 112 oyunu 225774 tamaşaçı izləyib. Yəni, orta azarkeş sayı 2016-ya bərabər olub.
Ancaq tamaşaçıların yarıdan çoxunun "Kəpəz”in ev oyunlarına təsadüf etməsi faktı digər komandaların durumunun daha acınacaqlı olmasından xəbər verir. Gəncə təmsilçisi 14 ev qarşılaşmasında 113338 tamaşaçı toplayıb. Orta hesabla 8096 nəfər.
Bölgə klubları cədvəlin birinci yarısında, yəni, 1 - 4-cü yerlərdə qərarlaşıbsa, paytaxt təmsilçiləri son sıralarda yer alıb. İkinci pillədəki "Qarabağ” liderdən təxminən 4,5 dəfə geri qalır. Üçüncü sırada "Sumqayıt”, 4-cü mövqedə isə "Qəbələ” yer alıb.
Bakı təmsilçiləri arasında ən yaxşı nəticə "Neftçi”yə məxsus olub. Hər oyunda "ağ-qaralar”a orta hesabla 1200 nəfər dəstək verib. Digər üç komanda isə bu rəqəmdə 1000-ə həsrət qalıb. Ən aşağı göstərici AZAL-dadır. "Şüvəlan”a çevrilərək hazırda I Divizionda mübarizə aparan "təyyarəçilər”in 14 oyunda yığdığı ümumi azarkeş sayı "Kəpəz”in bir matç (!) üçün orta göstəricisindən aşağıdır.
Mövsümün rekordu VI turun "Kəpəz” – "Qarabağ” matçında qeydə alınıb. Həmin oyunu 14238 nəfər seyr edib. Ən az tamaşaçının izlədiyi üç oyunun hərəsində 150 tamaşaçı olub.
yer |
klub |
tamaşaçı |
oyun |
orta |
1 |
Kəpəz |
113338 |
14 |
8096 |
2 |
Qarabağ |
25650 |
14 |
1832 |
3 |
Sumqayıt |
19872 |
14 |
1419 |
4 |
Qəbələ |
19700 |
14 |
1407 |
5 |
Neftçi |
16800 |
14 |
1200 |
6 |
Zirə |
13800 |
14 |
986 |
7 |
İnter |
11484 |
14 |
820 |
8 |
AZAL |
5130 |
14 |
366 |
|
|
225774 |
112 |
2016 |
"Kəpəz”in ayaqda saxladığı statistika
Cari mövsümdə də oxşar mənzərə müşahidə olunmaqdadır. Premyer Liqanın geridə qalan XVI turunun 64 matçını 136520 tamaşaçı izləyib. Yəni, çempionatın orta göstəricisi 2133-ə bərabərdir.
Topaz Premyer Liqasında mövsümün rekordu Gəncədə qeydə alınıb. XI turun Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz” – "Qarabağ” görüşü 13300 tamaşaçı toplayıb. Ümumiyyətlə, milli çempionatda azarkeş sayını müəyyənləşdirən əsas amil "Kəpəz”dir. Bu komandanın evdə oynadığı turlarda azarkeş sayında ciddi fərq müşahidə olunur. Aşağıdakı tabloda turlar üzrə azarkeş sayındakı kəskin fərqin səbəbi də məhz budur.
tur |
tamaşaçı |
orta |
I |
7526 |
1882 |
II |
6300 |
1575 |
III |
8100 |
2025 |
IV |
4153 |
1038 |
V |
5120 |
1280 |
VI |
3900 |
975 |
VII |
6575 |
1644 |
VIII |
3870 |
968 |
IX |
12550 |
3138 |
X |
10050 |
2513 |
XI |
17400 |
4350 |
XII |
15550 |
3888 |
XIII |
11626 |
2907 |
XIV |
13950 |
3488 |
XV |
5500 |
1375 |
XVI |
4350 |
1088 |
Cəmi |
136520 |
2133 |
Ancaq "Kəpəz”in uğursuz nəticələri fonunda sonuncu pillədə qərarlaşması və soyuq hava şəraiti XVI turda azarkeş sayına ciddi təsir edib və gəncəlilər üçün antirekord qeydə alınıb. Yunis Hüseynovun rəhbərlik etdiyi kollektivin "Keşlə”yə 0:1 hesabı ilə uduzduğu qarşılaşmanı 1150 azarkeş izləyib.
Bir çempionatda azarkeş sayını müəyyənləşdirən komandanın sonuncu pillədə olması da bir təzaddır. Maraq üçün qeyd edək ki, Almaniya Bundesliqasında hər oyuna orta hesabla 40 tamaşaçı gəlir və tribunaların 90 faizi dolur. Təbii ki, Topaz Premyer Liqasından buna yaxın bir göstərici gözləyəcək qədər xəyalpərəst deyilik. Ancaq mövcud göstəricilərin də çox aşağı olduğunu vurğulamalıyıq.
Fərqli
mövsümlərdə Topaz Premyer Liqasındakı azarkeş sayını müqayisə edərkən bir
məqama – oyun sayına diqqət etmək lazımdır. Məsələn, 2014/2015 mövsümündə cəmi
234200 tamaşaçının izlədiyi çempionatda 2015/2016 mövsümündəki rəqəm 465700-ə yüksəlib. Bu isə 99 faizlik artımdır. Əslində isə bu artım oyun
sayının artması ilə də bağlıdır. Çünki matç sayı da 144-dən 180-ə qədər artıb.
Futbolu deyil, Topaz Premyer Liqasını sevmirlər
Topaz Premyer Liqasında azarkeş sayına nəzər salanlar futbolun Azərbaycanda sevilmədiyini, populyar idman növü olmadığını düşünər. Reallıq isə başqadır. Bunu milli komandanın seçmə mərhələdəki, klubların isə avrokuboklardakı ev oyunlarında görmək mümkündür. Məsələn, cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsinin II və V turunda azarkeş sayındakı rekord məhz Bakıda qeydə alınıb. "Qarabağ”ın İtaliya "Roma”sı ilə görüşünü 67200, "Çelsi” ilə qarşılaşmasını isə 67100 tamaşaçı izləyib. 68700 tamaşaçı tutan arenada cəmi 1600 boş yer qalıb.
Postsovet ölkələrinin oxşar aqibəti
Topaz Premyer Liqasındakı tamaşaçı sayı ilə bağlı statistikanı gözdən keçirdik. İndi isə azarkeşləri stadionlardan qaçaq salan səbəblərə nəzər salaq. Hazırkı durum fərqli problemlərdən qaynaqlanır.
Tamaşaçı problemi yalnız Azərbaycanda deyil, Topaz Premyer Liqası ilə eyni səviyyədə olan milli çempionatlarda, xüsusən də postsovet ölkələrində müşahidə olunmaqdadır. Bu da sıxıntıların bənzərliyindən irəli gəlir. Təsəvvür edin, bir neçə il öncə Çempionlar Liqasında "Barselona”nı İspaniyada məğlub edən "Rubin”in Rusiya Premyer Liqasının XX turunda "OİK-Xabarovsk”la oyununa 3112 azarkeş gəlib. Belarus çempionatının XXVII turu çərçivəsində keçirilmiş "Qorodeya" - BATE matçında 1400 nəfər olub. Ukrayna Premyer Liqasının XIX turunun "Zarya" - "Şaxtyor" qarşılaşması isə 3758 azarkeş toplayıb.
Paytaxta sığınan bölgə klubları
Azərbaycan futbolunda azarkeş qıtlığı son illər daha aşkar hiss olunmaqdadır. Bunun iki əsas səbəbi var: Bölgə klublarının sayının azlığı və rəqabətin olmaması.
Bu gün Premyer Liqada bölgələri təmsil edən 4 klubu var: "Qarabağ”, "Sumqayıt”, "Kəpəz”, "Qəbələ”. Ağdam işğal altında olduğu üçün Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ev oyunlarını Bakıda keçirir. Quzanlıya ziyarət xarakterli səfər təşkil etməyə lüzum görməyən klubla həmin bölgədə yaşayan insanlar arasında bağ elə də möhkəm deyil. "Qarabağ” daha çox adından dolayı fərqli bölgələrdən olan vətəndaşlarımızın dəstəklədiyi bir klubdur.
"Sumqayıt” futbolla nəfəs alan bir şəhəri təmsil edir. Təəssüf ki, bu cür şəhərin ortabab bir stadionu yoxdur. Pilləkənləri də saysaq, hər oyunu 1500 nəfərin canlı izləməsi mümkündür.
"Qəbələ” və "Kəpəz” yalnız oyundan-oyuna təmsil etdikləri şəhərə getdiklərindən, sakinlər üçün yadlaşmaq üzrədirlər. "Qırmızı-qaralar” legionerlərinin nazını çəkmək üçün Bakıda lövbər salıbsa, gəncəlilərin Nizami yurdunda məskunlaşması üçün şərait yoxdur. Buna rəğmən, azarkeşlər Gəncəyə məxsus olmayan "Kəpəz”dən üz döndərməyiblər.
"Qəbələ” ilə bağlı başqa bir məqamı da qeyd etməkdə fayda var. Kim nə deyirsə-desin, Azərbaycanda da futbolun daha çox sevildiyini bölgələr var: Tovuz, Lənkəran, Sumqayıt kimi. Təəssüf ki, Qəbələ həmin regionların siyahısına daxil deyil. Şəhər əhalisinin futbola marağı çox aşağı səviyyədədir. Çempionluğa oynayan komandanın XVI turda 3-cü sıradakı "Zirə” ilə matçına 1400 nəfər gəlirsə, başqa şərhə gərək yoxdur.
Hardasan, intriqa?
Təxminən 5–6 il öncə Azərbaycan klubları avrokubokda boy göstərə bilməsələr də, milli çempionatda intriqa vardı. Qızıl medalların sahibi, eləcə də mükafatçılar son turda bilinirdi. Lakin "Azərbaycan Respublikasında 2005 - 2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın müddətinin başa çatması ilə "Bakı”, "Xəzər Lənkəran” kimi klubların böyük səhnədən çəkilməsi, "Neftçi”nin büdcəsinin kiçilməsi, komanda sayının azalması ilə intriqa da yox oldu.
XVII turda 1-dən çox azarkeşin dəstəklədiyi (adətən, sosial şəbəkədə debütantın azarkeş sayının az olmasını bu cür ifadə edirlər – red.) "Səbail”in ikinci sıradakı "Qəbələ”ni məğlub etməsindən sonra Roman Qriqorçuk etiraf etdi: "İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür. Xal fərqinin heç bir əhəmiyyəti yoxdur”.
Bəli, Premyer Liqanın başa çatmasına hələ 11 tur qalıb. Lakin artıq "Qarabağ”la rəqabət apara biləcək yeganə komanda olan "Qəbələ” də Ağdam təmsilçisinin çempion olacağı ilə barışıb. Bu komandaların cari çempionatdakı azarkeş sayında da intriqadan əsər-əlamətin olmadığı müşahidə edilir. Qəbələdəki görüşləri 4200 və 3000 nəfər, Bakıdakı qarşılaşmanı isə 1500 nəfər tribunadan izləyib. Məhz 1500 nəfər.
"Keşlə” ilə "Yuventus” arasındakı uçurum
Azarkeşləri stadionlardan qaçaq salan başqa səbəblər də var. Məsələn, futbol ənənəsinin olmaması, nəqliyyat, polisin azarkeşlərlə bəzən həddindən artıq sərt davranması, stadionlardakı şəraitsizlik kimi. Ancaq bunlar ikinci dərəcəli məsələlərdir və həll edilməsi elə də müşkül deyil. Əsas sıxıntılar çözülməlidir. Bu işlər "Keşlə” klubu kimi insanları orta məktəblərdən, iş yerlərindən futbola məcburi gətirərək, stadionun qarşısında şəxsiyyət vəsiqəsi ilə yoxlamaqla olmur.
Məsələn, yeni stadiona köçən "Yuventus” arenanın yerləşdiyi ərazidə "Area 12” adlı ticarət və əyləncə mərkəzi açıb. İnsanlar həftə sonları ailələri ilə həmin əraziyə üz tuturlar. Böyüklər alış-veriş edir, uşaqlar müxtəlif oyunlarla baş qatır, ailəvi yemək yeyir və yekunda sevimli komandalarının matçını izləyib, sözün əsil mənasında istirahət edirlər. Azərbaycan futbolundakı təməl problemlər həllini tapdıqdan sonra klublarımız bu kimi işlər barədə düşünməlidirlər. Gör-götür dünyasıdır...
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir