
"Rəqibi təbrik edirəm, qələbə qazandılar. Əfsuslar olsun ki, yenə 0:1 hesabı ilə məğlub olduq”.
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XIX turunda "Qəbələ”yə 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.
53 yaşlı mütəxəssis bildirib ki, səhvlərə yol verdikləri üçün yeniliblər: "Səhvlərsiz futbol olmur. Amma komandadan razı qaldım. Mübarizə apardılar. Bilirsiniz ki, "Qəbələ”nin futbolçularının fərdi şəkildə ustalıq səviyyəsi güclüdür. Bugünü oyunda komandamızda təcrübəsizlik öz sözünü dedi. Buna rəğmən, uşaqların oyunundan narazı qalmadım. Növbəti turda "Sumqayıt”ın qonağı olacağıq. Bu görüşə hazırlaşacağıq”.
Y.Hüseynov daha sonra sualları cavablandırıb:
- Komandanızda bu gün nə çatmadı?
- "Qəbələ” iki oyundur məğlub olurdu. Ona görə də həm onlar, həm biz qələbə qazanmaq istəyirdik. Rəqibə qalib gəlməyimiz üçün bir az təcübə, futbolçularda özlərinə inam çatmadı. Bunu hiss edirdim. Lakin matçın son 15-20 dəqiqəsində uşaqlarda inam yarandı və bizim də hücumlarımız, qol vəziyyətlərimiz oldu. Ancaq istifadə edə bilmədik. Özlərinə inam çatmadı. Bu da təcrübəsizlikdən irəli gəlir.
- Aparıcı futbolçularınızın zəif çıxışı nə ilə bağlı idi?
- Komandadan narazı qalmamışam. Kimin yaxşı, kimin pis oynadığını söyləmək istəmirəm. Ümümilikdə komandamız uduzdu. Amma orta xətdə bəzi çatışmazlıqlar var idi. Fasilədə onlara oyunla bağlı gedişatları başa saldım. Düzdür, ikinci hissənin başlanğıcında həmin səhvlər yenə təkrarlandı. Lakin daha sonra düzəldilər.
- Düşünmürsünüz ki, qapınıza vurulan qol zamanı qapıçının da səhvi var?
- Kimin səhvini görmək üçün epizoda baxmaq lazımdır. Orada qapıçının səhvi olduğuna inanmıram.
- İlk əvəzləmə zamanı Samir Zərgərovu meydandan çıxaracağınızı gözləyirdik. Yaş öz sözünü deyir, yorulmuşdu, çatdırmırdı. Lakin siz Tərzin Cahangirovla Roman Hüseynovu əvəzlədiniz. Bu, nə ilə bağlı oldu?
- Çatdırmırdı deyəndə ki, oyunun gedişatında vəziyyətə baxdıq. Zərgərov hücumameyilli oynayırdı. Lakin Cahangirov arxa xətdə çıxış edir. Ona görə də əvvəlcə arxa xətti gücləndirib, sonra hücumçu buraxmağı fikirləşdik. Bu səbəbədən Tərzini əvəzlədik. Orada səhvər vardı, indi açıqlamayım.
- "Qəbələ”dən icarəyə götürdüyünüz Roman Hüseynovu start heyətində meydana buraxmışdınız. Onun əvəzinə İlyas Səfərzadə olsaydı, daha fərqli çıxış etməzdi?
- Xeyr, düşünmürəm. Hər bir futbolçunun özünəxas oyun tərzi var. Hüseynov bu gün pis təsir bağışlamadı.