"Azərbaycanla görüş çətin olacaq, lakin qələbəyə inanırıq”
Sportnet.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Kosovo yığmasının futbolçusu Ron Broya Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyundan əvvəl deyib.
O, bildirib ki, rəqibin zəif cəhətlərindən yararlacaqlar: "Rəqibi yaxşı tanıyırıq, zəif cəhətlərini bilirik və onları cəzalandıracağımıza ümid edirik. Bu komanda ilə ilk matçımızda yaxşı təsir bağışlasaq da, bəxt bizdən yana olmamışdı. Bu dəfə öz azarkeşlərimiz önündə oynayacağıq. Hesab edirəm ki, onları məyus etməyəcəyik. Əlbəttə, qarlı meydançanda çətin olacaq. Lakin seçmə mərhələdə durumumuzu yaxşılaşdırmaq üçün bu şansdan istifadə etməliyik”.
Mərkəz hücumçusu Arian Kabaşi isə bildirib ki, rəqibi çox yaxşı tanıyırlar: "Hazırlıq yaxşı keçdi. Hərçənd qar yağdığı üçün istədiyimiz qədər məşq edə bilmədik. Azərbaycanı çox yaxşı tanıyırıq, son matçımızı bu komandaya qarşı keçirmişik. Onların oyununu bilirik. Fikrimcə, hazırılığımız sayəsində qalib gələcəyik. Bu görüşdəki qələbə Almaniya ilə görüşə daha yaxşı köklənməmizə yardımçı olacaq”.
Qeyd edək ki, bu gün Mitrovitsa şəhərində Adem Yaşari Olimpiya stadionunda baş tutacaq Kosovo – Azərbaycan oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu kollektivlərin ilk görüşündə qolsuz heç-heçə qeydə alınıb.