"Çətin rəqiblə qarşılaşacağıq. Ev oyununda qələbə qazanmağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Amil Yunanov Belarus yığması ilə martın 23-də keçirəcəkləri yoldaşlıq görüşü barədə danışarkən deyib. Bununla yanaşı, 25 yaşlı hücumçu martın 27-də Türkiyənin Antalya bölgəsində üz-üzə gələcəkləri Makedoniya yığmasının Belarusdan daha üstün səviyyədə olduğunu bildirib. Lakin o, Belarusu da qiymətləndirib: "Bu komandanın da oyunlarına baxmışıq. Yaxşı kollektivə malikdirlər".
Yunanov Mahir Mədətov və Ramil Şeydayev 21 yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsində olduğundan, sabahkı görüşdə mərkəz hücumçusu mövqeyində çıxış etməyə əsas namizəd sayılır. O, həyəcanlı olduğunu etiraf etsə də, ələ düşən şansdan yararlanmağa çalışacağını vurğulayıb: "Millidə oynamaq hamımız üçün bir şansdır. Bu imkandan yararlanmağa çalışacağam. İlk dəfə çağırıldığımdan, həyəcanlıyam. Bu, normaldır, milli komandadayam. Çalışacağam ki, həyəcanı aradan qaldırım və oyuna tam köklənim. Həm çempionat oyunlarında, həm də millinin heyətində özümü yaxşı tərəfdən göstərərək, daim oynamaq istəyirəm".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq.