"Məğlub olmaq istəməzdik. Amma məğlubiyyəti nə qədər tez görsək, işimiz o qədər faydalı olacaq. Oyundan razı qaldım. Çox yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Bu cür komanda ilə oyunda xeyli sayda qol imkanımız oldu. Lakin futbolçularda istər-istəməz həyəcan var idi. Yeni baş məşqçinin rəhbərliyi altında oynayırdılar. Bunlar normaldır. Futbolçuların hər birindən razı qaldım. Çox istəkli idilər. Uduzmaq istəmirdilər. Qarşıdakı bütün oyunlar bundan da ağır olacaq. Bu, bizim üçün çox vacib oyun oldu. Bütün komandalar hətta bundan da artıq müdafiədən oynayıb, əks-hücumlara üstünlük verəcəklər. Buna da tam hazır olmalıyıq. Sonadək komandaya dəstək olan azarkeşlərə minnətdaram".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Bakı Olimpiya Stadionunda keçirilən yoldaşlıq matçında Belarus yığmasına 0:1 hesablı məğlubiyyətdən sonra deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Çox danışmayaq. Əfsuslar olsun ki, kiçik xətaya yol verdilər. Ona görə də adlarını heyətə salmadıq.
- Yığmada debüt edənlərdən razı qaldınız?
- Açığı, razı qaldım. Onların daha çox həyəcanlı olacaqlarını gözləyirdim. Eləsi var idi ki, 29 - 31 yaşdadır. Amma xeyli vaxtdır millidə oynamırdılar. Buna görə həyəcan hiss oluna bilərdi. Bundan da zəif oynasaydılar, onları başa düşərdim. Amma onlar nəyin üzərində işləmişdiksə, hamısını düzgün yerinə yetirməyə çalışdılar.
- Oyundan razı qaldığınızı dediniz. Bəs nədən razı qalmadınız?
- İlk növbədə, nəticədən. İkincisi isə təkbətək mübarizələrdə möhkəm olmalıyıq. Əks-hücumda çıxış edən komandaya qarşı mütləq daha yaxın oynamalıyıq. 2-3 dəfə əks-hücuma çıxan komandanı qapımıza buraxırıqsa, buna normal baxıram. Amma əks-hücumların sayı daha çoxdursa, buna xüsusi diqqət ayırmalıyıq. Hesab edirəm ki, yetərincə vaxtımız olacaq ki, belə hallar üzərində çalışaq.
- Abdullayevlə Yunuszadə Antalyaya Makedoniya ilə oyuna aparılacaq?
- Onların hərəkəti böyük xəta deyil. Ola bilər, biri getsin, digəri yox. Otelə qayıdandan sonra ətraflı danışacağam və qərarımı verəcəyəm.
- Rəqibin əks-hücumlara üstünlük verdiyinizi dediniz. Amma Azərbaycan millisinin oyununda da geriyə ötürmələr müşahidə olunurdu...
- Biz müdafiə futbolu oynamadıq, belə fikrimiz də yoxdur. Amma heç kimə deməmişdim ki, 85-ci dəqiqədə künc zərbəsindən sonra hücumu geriyə ötürmə ilə başlayaq. Bəzən futbolçunun öz fikri də olur. Bunu belə oyunlarda görməyimiz daha yaxşıdır. Amma düşünmürəm ki, müdafiə futbolu oynadıq. Amma yaratdığımız epizodlara baxsanız, rəqib meydanınadək ötürmələrlə, topla hərəkət sayəsində gedib çıxdığımızı görərsiniz. Digər tərəfdən, rəqib həqiqətən yaxşı müdafiə olunursa, yenidən hücumu başlatmaq üçün topun səmtini dəyişdirməyə, geriyə ötürmələr verməyə məcburuq.
- U-21-in Kosovo ilə oyunu barədə nə deyə bilərsiniz?
- İzlədim və razı qaldım. Bəlkə kənardan başqa cür görünə bilər. Amma baş məşqçinin istədikləri meydanda düzgün yerinə yetiriləndə bundan razı qalırıq. Belə hava şəraitində düşündüyümüz futbolu sərgiləmək o qədər də alınmaz. Amma ümumən ən azından intizamlı oyun, çox yaxşı düşünülmüş hücumlar gördüm. 90 dəqiqə ərzində belə intizamlı oyun, hər bir futbolçunun nələr etməli olduğunu bilməsi, mövqelərarası anlaşmanın lazımi səviyyədə olması müsbət amillərdir. Düzdür, bəzən təkbətək mübarizələrdə məğlub olurdular. Amma düşünürəm ki, hər şey yaxşılığa doğru gedir. Futbolçularda o inamı yaratmaq, meydanda toplu və topsuz davranmaq çox vacib amillərdir. Bunu da etməyi bacarırdılar.
- Bu sualı sizə AFFA İcraiyyə Komitəsinin üzvü kimi vermək istərdik. Həm aşağı yaş qruplarından ibarət yığmalar, U-21, həm də əsas milli qol vurmaq baxımımdan çətinlik çəkir. Sizcə, bölgələrdə futbol akademiyalarının açılmasının vaxtı deyil?
- Bu yöndə çoxdan işlər gedir. Ola bilər bölgələrdən hansındasa bir az zəifir, çatışmazlıq var. Bütün bölgələrə diqqət ayrılır. Amma buna daha çox diqqət ayırmalı, daha da yaxşılaşdırmalıyıq. Amma bu məsələni İcraiyyə Komitəsində qaldırıb-qaldırmayacağımı demək düzgün çıxmaz. Amma ümumən, hər dəfə bu istiqamətdə danışıqlar, söhbətlər, diskussiyalar olur. Hər zaman Azərbaycan futbolunun gələcəyi naminə fikirlər bildirilir.
- Bu gün Rəşad Sadıqova əvəzləyici axtarırsınız?
- Hər bir baş məşqçi istərdi ki, komandasında Rəşad kimi oyunçu olsun. Əvəzləyici axtarıram desəm, düzgün çıxmaz. Çünki komandadakı hər bir futbolçuya inanıram. Oyunu onların üzərində qururuq. Bəlkə sabah lazım olsa, Rəşadı yenidən geri qaytaracağıq. Futbolda hər gün dəyişiklik baş verir, cəzalar olur. Buna ehtiyac yarana bilər.
- Qurban Qurbanova nə qədər vaxt lazımdır ki, milli komanda müdafiədən hücuma daha tez keçə bilsin?
- Biz həmişə çalışmışıq ki, müdafiədən hücuma düzgün keçək. Bu gün xeyli sayda düşünülmüş hücumlarımız oldu. Birbaşa qapıçıdan, müdafiəçidən başladıq, sonra yarımmüdafiə və hücum. Yaxud da top birbaşa hücumçularımıza ötürüldü. Yəni, top arxadan rəqibin cərimə meydançasına çıxırsa, bu, hücuma keçmək deməkdir. Bunun üzərində çalışır və daha da təkmilləşdirmək, yaxşılaşdırmaq istəyirik.
- Rəşad Sadıqovun üç yerdə işləməsi fiziki baxımdan qeyri-mümkündür. Gələcəkdə uğursuzluq olarsa, bu, səbəb kimi göstərilə bilər. Bundan ehtiyatlanmırsınız?
- Hər bir lider elə-belə olmur. Öz üzərində çox çalışan, buna daha çox vaxt ayıran, bunu bacaran şəxs lider olur. Onun bunlara gücünün çatmayacağını bildəydik, tələb etməzdik. Uğursuzluqdan qorxsaydıq, bu addımı atmaz, bura gəlməzdik. Heç bir işə lider "Uğur əldə edəyəcəm" deyə başlamır. Əvvəlcə uğursuzluğu göz qabağına gətirir, uğursuzluğa hazır olur, sonra isə uğur qazanmağa davam edir. Digər tərəfdən, bu, idmandlrsa, burada uğur da, uğursuzluq da olacaq. Bilsəm ki, sabah uğursuzluq olacaq, futbola nifrət edəcəyəm, işləmək istəməyəcəyəm, onda elə bu gün karyeramı başa vuraram. Ona görə də mən uğursuzluqdan qorxmuram. Bunu futbolçulara da çatdırmışam. Sadəcə, özüm özümə dəyər verməyi bacarmalı, özümü həmişə düzəltməliyəm ki, həmişə dürüst çalışım, daim tələbkar olum. Uğursuzluq olacaqsa, bu, hardasa gücümüzün çatmamasından, nəyisə düzgün edə bilməməyimizdən irəli gələ bilər. Yenə deyirəm: Biz uğursuzluqdan qorxmuruq. Məncə, Rəşad bu işi bacarmasaydı, ona deməzdik ki, bu işi gör. Biz 4-5 il uğur qazanırıqsa, sonra bizim dəyərimiz itirsə, onda işləməyə dəyməz. Özünüz yaxşı bilirsiniz ki, kim işinə nə dərəcədə vaxt ayırır, kim nə cür işləyir. Bu fikirlərdən qorxmur, çəkinmirəm. Həmişə uğur olmur ki... Ona görə də belə fikirlərə çox da önəm vermirəm.
- Çoxsaylı əvəzləmələrdən yararlandınız. İlk hissədəki oyun xoşunuza gəldi, yoxsa fasilədən sonrakı?
- İlk yarının ortalarınadək, nə danışmışdıqsa, onu tam gördüm. Amma sona 15-20 dəqiqə qalmış sistem pozuldu və hücumlarımızı tam istədiyimiz kimi qura bilmədik. Bir qədər yorğunluq, çoxlu əvəzetmələr oldu. Bunlar normal haldır. Amma ilk və ikinci hissənin ortalarınadək olan bölümdən daha çox razı qaldım.
- Birinci hissədə cərimə zərbəsi ev tapşırığı idi. Lakin bunu soradan görmədik. Bu, ev tapşırığının uğursuzluğundan irəli gəldi, yoxsa ehtiyac görmədiniz?
- İkinci cərimə zərbəsi də həmin yerdə oldu. Yenə təkrarlasaydıq, planımızdan xəbər tutacaqdılar. Bəzi ev tapşırıqlarını etməyə çalışırıq. Amma hamısını bir oyunda göstərmək istəmirik. Bəzi ev tapşırıqları var. Toplantılarda bunlar üzərində çalışaraq, rəsmi matçlara qədər hazır etməyə çalışacağıq.