"Sumqayıt"ın əvəzedici heyətə göndərilmiş futbolçusu Xəyal Nəcəfov yenidən əsas komandaya qaytarılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov açıqlama verib. 40 yaşlı mütəxəssis cəzalandırdığı yarımmüdafiəçini klubun təcrübəli futbolçularının xahişi ilə əfv etdiyini bildirib. Lakin o, Nəcəfovu bir şərtlə bağışladığını diqqətə çatdırıb: "Kapitan başda olmaqla, bütün komanda xahiş etdi ki, bu dəfə də Xəyalı bağışlayaq, əsas komandaya qaytaraq. Mən də yaşlı oyunçuların sözlərini yerə salmaq istəmədim. Amma onlara bildirdim ki, Nəcəfov özünü aparmaqda, nizam-intizamında ümumi kollektivdən azacıq da geridə qalsa, onu xahiş etmiş insanlar da ona qoşularaq, komandadan gedəcəklər. Bu, son xəbərdarlığımdır. Yəqin ki, özü də başa düşür".
Qeyd edək ki, Xəyal Nəcəfov Topaz Premyer Liqasının XX turunda "Kəpəz"lə ev oyunundan əvvəl "Sumqayıt"ın əvəzedici heyətinə göndərilib. Baş məşqçi Samir Abasov həmin vaxt qərarını Nəcəfovun nizam-intizamı pozması ilə əlaqələndirib.