Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyunu Gəncə şəhər stadionunda "Kəpəz" və "Zirə" komandaları arasında keçirilib.
Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra "Kəpəz" xallarını 11-ə çatdırsa da, yenə sonuncu pillədə qalıb. "Zirə" isə qış fasiləsindən sonra yenə qələbəyə həsrət qalıb. Hazırda Ayxan Abbasovun baş məşqçi olduğu komandanın 34 xalı var və bir oyun az keçirən "Sumqayıt"la 3-4-cü yerləri bölüşür.
Həftənin ikinci matçı lider "Qarabağ”la "Keşlə” arasında olub. Qarşılaşmada hesabı 34-cü dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıblar. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Görüşün 57-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.
Qodan dərhal sonra Ağdam klubundan Kərim Diniyevlə bakılıların legioneri Sezar Meza Kolli arasında mübahisə düşüb. Nəticədə referi hər iki futbolçuya qırmızı vərəqə göstərib.
Bu heç-heçədən sonra lider "Qarabağ” xalını 50-yə çatdırıb. "Keşlə” isə 17 xalla 7-ci pillədədir.
Qeyd edək ki, XXI tura aprelin 2-də keçiriləcək "Qəbələ” – "Sumqayıt” və "Neftçi” – "Səbail” görüşləri ilə yekun vurulacaq.
-----------------------------------------------------------
Bu gün keçiriləcək 2 oyunla Topaz Premyer Liqasının XXI turuna start veriləcək.
Sportnet.az-ın məlumatına görə, III dövrənin son tur qarşılaşmalarından biri autsayder, digəri isə liderin iştirakı ilə təşkil olunacaq.
Gəncə şəhər stadionunda "Kəpəz" "Zirə"ni qəbul edəcək. Hər iki kollektivin hazırda çempionatda işləri yaxşı getmir. Gəncə komandası qış fasiləsindən sonra yalnız XVIII turda "Səbail"lə ev oyununda xal əldə etməyə müvəffəq olub - 2:1. Paytaxt klubu isə qış fasiləsindən sonra qələbə sevinci yaşaya bilməyib. Hazırda "Kəpəz" 10 xalla 8-ci, "Zirə" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.
İndiyədək bu komandalar Premyer Liqada 10 dəfə üz-üzə gəliblər. Bunların 3-də "Kəpəz", 4-də "Zirə" qalib gəlibsə, daha 3 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "Kəpəz" geridədir - 10:14. "Zirə” bu mövsüm hər iki görüşdə böyükhesablı qələbə qazanıb - 3:0. Son 6 matçda qol vuran komanda quru hesabla qalib gəlib.
Günün digər qarşılaşması Bakının Suraxanı qəsəbəsindəki "Azersun Arena"da "Qarabağ"la "Keşlə" arasında oynanılacaq. Hazırda Ağdam komandası 49 xalla 1-ci, paytaxt təmsilçisi isə 16 xalla 7-ci pillədə qərarlaşıb. Bu komandalar arasında indiyədək 53 çempionat oyunu olub. "Qarabağ" 24, "Keşlə" 12 dəfə qalib gəlibsə, daha 17 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində ağdamlılar öndədirlər - 60:32.
Digər tərəfdən, "Qarabağ” axırıncı 3 oyunda "Keşlə"ni quru hesabla yenib və öz meydanındakı son 7 matçda 2-dən çox qol vurulmayıb.
Topaz Premyer Liqası, XXI tur
1 aprel (bazar)
15:00. "Kəpəz” – "Zirə” - 0:0
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu
18:30. "Qarabağ” – "Keşlə” - 1:1
Qollar: Riçard Almeyda, 57 - Slavik Alxasov, 34
Qırmızı vərəqələr: Coşqun Diniyev, 60 - Sezar Meza Kolli, 60
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
"Azersun Arena”
Qeyd edək ki, turun son 2 oyunu aprelin 2-də keçiriləcək. Sabah "Qəbələ" "Sumqayıt"ı, "Neftçi" "Səbail"i qəbul edəcək.