Topaz Premyer Liqasının XXI turunda doğma meydanda "Səbail”i 2:0 hesabı ilə məğlub edən "Neftçi” klubunun futbolçusu Soni Mustivar oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisinin yeni transferi əvvəlcə görüş haqda fikirlərini bölüşüb...
- Düşünürəm ki, bu çempionat olduqca sürətlidir. Oyunumuz da sürətli idi. Matçın intensivliyi çox yüksək idi.
- Azərbaycana gələnə qədər bir müddət oynamırdınız. "Neftçi"yə uyğunlaşmaq sizin üçün çətin olmadı?
- Son klubumla müqaviləm başa çatdı. Ona görə də iki ay meydandan kənar qaldım. Daha sonra isə "Neftçi” rəhbərliyi mənə təklif göndərdi. Mən də razılaşdım. Bu komandada oynamaq istədim. Yaxşı klubdur, tarixi zəngin olan komandadır. Ona görə də müsbət cavab verdim.
- Haiti millisindən ölkəmizdə Donald Gerye də çıxış edir. Azərbaycana gələndə onunla məsləhətləşdiniz?
- Mən onunla danışdım. Bakıda həyatın necə olduğunu soruşdum. Çempionat barədə də bəzi şeyləri soruşdum. Bu çempionatın yaxşı, səviyyəsinin yüksək olduğunu vurğuladı.
- Qol epizodundakı hadisə necə oldu? Həyəcanlandınız?
- O topu bilərəkdən buraxmadım. Amma yaxşı ötürmə alındı.
- Həmin an həyəcanlanmışdınız?
- Xeyr. Topun istiqamətini düz ölçüb-biçmədim. Bunun həyəcanla heç bir əlaqəsi yoxdur. Topa zərbə endirə bilməsəm də, yaxşı ötürmə alındı.