"Sumqayıt”ın futbolçusu Cavid İmamverdiyev Topaz Premyer Liqasının XXII turunda "Neftçi”la 2:2 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Sizcə, bu gün 2 xalı "Sumqayıt” itirdi, yoxsa "Neftçi”?
- Düşünürəm ki, hər iki komanda itirdi. Amma birinci öz komandamızı fikirləşirəm. Bu üzdən deyə bilərəm ki, biz 2 xal itirdik. Həm də Çox gözəl oyun göstərdik. Məncə, "Neftçi”dən yaxşı oynadıq. Həm əzmkarlıq, həm də futbol baxımından daha yaxşı idik. Bəxtimizin gətirmədiyini düşünürəm.
- Qol vurdunuz, amma sevinmədiniz...
- Əlbəttə, bura mənim doğma yerimdir. Yerimdə başqa futbolçu olsa, o da mənim etdiyimi edərdi, sevinməzdi. Futbolun sirlərini burda öyrənmişəm, burada böyümüşəm. Bunu itirə bilmərəm.
- Qarşıda Azərbaycan Kubokunun yarımfinalında "Keşlə” ilə oyun var. Bu barədə nə deyə bilərsiniz?
- Çempionat matçlarına olduğu kimi, kubok oyunlarına da eyni qaydada hazırlaşırıq. "Sumqayıt” iki turnir arasında ayrı-seçkilik etmir. Hər iki cəbhədə mübarizə aparırıq.
- Yeddi gün ərzində "Keşlə” ilə 3 dəfə qarşılaşacaqsınız. Eyni rəqiblə qısa müddətdə çox qarşılaşmaq necə təsir göstərə bilər?
- Bu, təkcə bizə yox, "Keşlə”yə də aid olacaq. Ona görə də, bu bizi incitməz. Düzdür, yorğunluq olacaq. Amma bizdə olduğu kimi onlarda da olacaq.
- Bu gün "Zirə” qələbə qazana bilmədi və aradakı fərq dəyişməz qaldı. "Sumqayıt” 3-cü yeri qoruya biləcək?
- Əlbəttə ki, bunu istəyirik. Bu gün 3-cü yerdə olmaq "Sumqayıt” adına sevindirici haldır. Biz öz oyunumuzu oynayırıq. İşimizi "Zirə”yə görə qurmuruq. Bu gün bəxtimiz gətirmədi.
- Oyundan sonra baş məşqçiniz Samir Abasovla birlikdə "Neftçi” azarkeşləri tərəfə getdiniz. Bu addımı necə izah etmək olar?
- Məncə, bu, olmalı idi. Biz rahat idik. Çünki "Neftçi” azarkeşlərini yaxşı tanıyıram, psixolohiyalarına bələdəm. Bilirəm ki, onlara yaxınlaşan azərbaycanlı uşaqları heç vaxt geri çevirməzlər. Onları tanıyaraq getdim. Bildim ki, bizi ancaq alqışlayacaqlar. Çünki hamımız azərbaycanlıyıq.
- Təşəbbüs baş məşqçidən gəldi?
- Bəli, baş məşqçimiz dedi ki, komandanı ora apar. Özüm də aparmaq sitəyirdim. Bizi müsbət qarşıladılar. Həmişə demişəm ki, Azərbaycanın bir nömrəli azarkeşləri "Neftçi” fanatlarıdır.
- Bu gün kapitan sarğısı sizdə idi. Bu, oyununuza necə təsir etdi?
- Açığı, kapitanlığın mənə verilməsini gözləmirdim. Samir müəllim belə məsləhət gördü. Mən də meydana çıxıb, əlimdən gəldiyi qədər kapitanlığımı etdim.