Topaz Premyer Liqasında 2017/2018 mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Azərsun Arena"da baş tutan mərasimə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və "Qarabağ"ın prezidenti Abdulbari Gözəl qatılıb.
Üçüncü yerin sahibi "Neftçi", mövsümü ikinci sırada tamamlayan "Qəbələ" və çempion "Qarabağ" komandasının üzvləri müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif olunublar. "Qarabağ"a qızıl medalları A.Gözəl də təqdim edib. Eyni zamanda 13 qolla Premyer Liqanın bombardiri olan "Qəbələ"nin hücumçusu Baqali Daboya xüsusi mükafat verilib.
Sonda çempionluq kuboku Azərbaycan çempionlarına təqdim edilib. Kuboku digər futbolçularla birgə A.Gözəl başı üzərinə qaldırıb. Mərasim atəşfəşanlıqla başa çatıb.