"Səbail" klubu ev oyunlarını təbii örtüklü stadionlardan birində keçirmək istəyir.
Bu barədə Sportnet.az-a komandanın yeni baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu məsələyə dair klub rəhbərliyi ilə söhbət aparılıb: "Qısa da olsa, rəhbərliklə danışmışıq. Gələcək planlarımızda təbii ot örtüyündə oynamaq var. Hər şey birdən-birə olmur. Mərhələli şəkildə bunun öhdəsindən gəlməyə çalışacağıq".
Hacıyev bildirib ki, təbii örtüyə keçidin qarşıdakı mövsümdə gerçəkləşəcəyini demək tezdir: "Bu haqda söhbət olmayıb. Gələn mövsümdən başlamaq barədə danışmamışıq. Amma planda var ki, təbii ot örtüklü meydanımız olsun".
Baş məşqçi "Bayıl Arena"nın süni örtüyünün təbiisi ilə əvəzlənməsinin gündəmdə olmadığını da vurğulayıb: "Müzakirə olunub ki, təbii örtükdə daha yaxşı oynamaq olar. Rəqiblər də həmin örtükdə oynayır. Bu problemin qısa olaraq üzərindən keçdik. Hazırda ondan vacib məsələlərimiz var. Komandanı formalaşdırmaq istəyirik. Gələcəkdə bu məsələyə yenidən baxılacaq".
Qeyd edək ki, gələn mövsümdən əksər komandalar ev oyunlarını təbii örtüklü meydanlarda keçirəcəklər. Süni örtüklü stadionlardan "Kapital Bank Arena"da təbii örtüyə keçid prosesi başlanıb. Zirə İdman Kompleksində örtüyün dəyişdirilməsinə iyulda başlanılacaq. "İnter Arena"da isə bu prosesin il ərzində həyata keçiriləcəyi gözlənilir.