"Qəbələ”yə keçdiyim üçün çox şadam. Mən yüksək hədəfləri olan futbolçuyam. Klubumu dəyişməkdə məqsədim bu hədəflərimə çatmaqdır. Yeni uğurlara imza atmaq üçün bura gəlmişəm”.
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin yeni transferi Ceyms Adeniyi klubun rəsmi saytına açıqlamasında deyib.
26 yaşlı hücumçu "qırmızı-qara” forma ilə UEFA Avropa Liqasında uğurla çıxış etmək niyyətində olduğunu bildirib: "Yeni komandamın Avropa Liqasında mübarizə aparacağı və turnirdə müəyyən hədəflərinin olmasından xəbərdaram. Bilirəm ki, "Qəbələ” əvvəlki mövsümlərdə avrokuboklarda müəyyən uğurlar qazanıb. Bu dəfə bacardığımız qədər irəliləməyi, əvvəlki uğurlardan daha yaxşı nəticə göstərməyimizi istəyirəm. Bunun üçün də səy göstərəcəyəm”.
Komanda barədə məlumatlı olduğunu vurğulayan nigeriyalı forvard azarkeşlərə də səslənib: "Bura keçməzdən öncə klub haqda məlumat toplamışam. Əvvəllər yoxlama oyunu zamanı bu komanda ilə üz-üzə də gəlmişəm. "Qəbələ” haqda yalnız xoş sözlər eşitmişəm. Ona görə də indi məhz buradayam. Azarkeşlərə də demək istəyirəm ki, daim yanımızda olsunlar. Bacardığımın ən yaxşısını ortaya qoymağa çalışacağam. Onlara da öncədən təşəkkür edirəm”.
Qeyd edək ki, Ceyms Adeniyinin son olaraq, Albaniyanın "Skenderbeu" klubunda çıxış edib.