"Avropadan ciddi təkliflərim var idi. Lakin "Astana" danışıqlarda ən peşərcasına davrandı. "Astana" rəsmisi klubun hədəfləri aydın şəkildə anlatdı və məndən gözləntilərini açıqladı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Qazaxıstan "Astana"sına keçidini klubun mətbuat xidmətinə dəyərləndirərkən deyib. 28 yaşlı yarımmüdafiəçi bildirib ki, bu transferin özü üçün yeni təcrübə olduğunu və ondan komandaya böyük güc qatmasının gözlənildiyini anlayır. O, qarşısındakı məqsədləri komanda ilə birgə həll etməyə hazırlığını dilə gətirib: "Astana"nın avrokuboklardakı oyunlarına baxmışam. Əla fanatları var. Öz tərəfimdən bütün gücümü qoyacağam ki, "Astana" mənim gəlişimlə daha da güclü olsun. Bura gəlməyimə çox şadam. Qazaxıstanda ilk dəfədir oluram. "Astana" öz qələbələri ilə Avropadakı bir çox futbolçuya bu ölkəni xəritədə tapmağa vadar edib. Hələ "Renn"də çıxış etdiyim vaxt "Astana"nın Çempionlar Liqasındakı inamlı çıxışı məndə xoş təəssürat oyadırdı. Şəhərin özü isə gözəl, əsl müasir meqapolisdir".
Braziliyalı oyunçu "Qarabağ"da da birgə çıxış etdiyi Riçard Almeyda barədə də danışıb: "Riçard mənim böyük dostum və gözəl futbolçudur. Onunla meydanda birgə olmaq və azarkeşləri sevindirmək üçün bacardığımız kimi oynamaq çox xoş olacaq".
Qeyd edək ki, müqavilə üzrə Yunanıstan PAOK-una məxsus Pedro Enrike "Qarabağ"da ötən mövsüm icarə əsasında forma geyinib. O, "Astana"ya da bir illik icarəyə verilib.